Newscenter.az.4.03.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq və yerli mediaya verdiyi müsahibə dünya mediasının diqqət mərkəzindədir. 4 saat ərzində jurnalistlərin suallarını təmkinlə dinləyən, onlara əhatəli cavab verən Prezident İlham Əliyev bu müsahibə ilə bir sıra məqamlara aydınlıq gətirdi. Pandemiya ilə mübarizə, işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək işlər, Türkiyə-Azərbaycan münasibətləri və region üçün mühüm əhəmiyyət kəsb edən layihələrdən danışan dövlət başçısı hətta qərəzli jurnalist suallarını belə cavabsız qoymaması onun lider kimi bacarığını bir daha ortaya qoymuş oldu. Cənab Prezidentin “Ukraina-24” telekanalının jurnalistinə verdiyi cavabdan aydın görünür ki, işğaldan azad olunan ərazilərimiz qısa zamanda cənnətə çevriləcək. Bu ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atılacaq. Erməni daşnaqlarının əraziləri minalaması görülən işlərə çətinlik yaratdığını bildirən dövlət başçısı ermənistanı qeyri-səmimilikdə günahlandırıb. Əslində bu haqlı mövqedir. Düşmən tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməli olsa da onlar belə bir addım atmayıb. Düzü onlardan belə hümanist addım gözləmək yersiz olsa da müharibə qanunlarına görə, erməni tərəfi bunu etməli idi...
Bu gün ən çox müzakirə mövzusu olan böyük qayıdış məsələsi barəsində suallara cavab verən cənab İlham Əliyev bu yöndə həyata keçirilən işlərdən danışıb. Dövlət başçısı bildirib ki, bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində həmin kəndlərdə təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Olduqca unikal layihə olan “ağıllı kənd” layihəsi həmin ərazilərdə olan insanların fəaliyyətini daha yüksək səviyyədə qurulmasına yardımçı olacaq.
Cənab Prezident xarici jurnalistlərə Azərbaycan-Türkiyə qardaşlığının sağlam təməllər üzərində dayandığını müsahibə zamanı bir daha sübut etdi. Jurnalistlərin Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı verdiyi suala cavabında dövlətimizin başçısı bu sərhədlərin bağlı qalmasının Azərbaycan-Türkiyə dostluq münasibətindən irəli gəldiyini, qardaşlıq rəmzi olduğunu bildirdi. Prezident İlham Əliyev eyni zamanda Türkiyə ilə bundan sonra da bütün sahədə olan əməkdaşlığın daha da dərinləşəcəyini bildirib.
Bütün bunların fonunda sonda onu qeyd edim ki, bu müsahibədə cənab Prezident İlham Əliyevin qətiyyətini ortaya qoymuş oldu. Cənab Prezident bir daha Azərbacyanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını dünyaya bəyan etdi.
Ayşən Fəxrəddinqızı
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi