Newscenter.az.4.03.2021. Son günlər bəzi siyasi partiyalar öz fəaliyyətinə xitam verib, kollektiv surətdə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq təşəbbüsü ilə çıxış ediblər.
Məsələn, mətbuatda yayılan məlumatlardan bilirik ki, belə partiyalardan biri olaraq Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib. Azərbaycan Xalq Demokratik Partiyası da video-konfrans formatında keçirilən qurultayında Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib. Eləcə də Yurddaş və Milli Qurtuluş partiyalarının da YAP-a qoşulmaq qərarı verməsi barədə KİV-də məlumat yayılıb.
Bu gün jurnalist dostlarımızın bir neçəsi mənə də zəng edib sədri olduğum Milli Həmrəylik Partiyasının da YAP-a qoşulub-qoşulmayacağı barədə sual ünvanladılar.
Biz sözügedən partiyaların hakim partiya ilə birləşmək qərarına hörmətlə yanaşırıq. Siyasi partiyaların bir araya gəlməsi, təmərküzləşməsi, qüvvələrin və resursların birləşdirilməsi tamamilə normal prosesdir və bu dünya təcrübəsində tez-tez rast gəlinən praktikadır. Belə bir sivil ənənənin Azərbaycanda da tətbiq edilməsini təqdir edirik.
Lakin partiyamız YAP-la birləşmək təşəbbüsü ilə çıxış etməyib. Bizim belə bir qərarımız yoxdur. Biz iqtidaryönümlü partiya olsaq da, YAP-la birləşməyə yox, müstəqil partiya kimi fəaliyyət göstərməyə üstünlük veririk. Odur ki, Milli Həmrəylik Partiyası bundan sonra da Prezident İlham Əliyevi dəstəkləyərək öz müstəqil fəaliyyətini davam etdirəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri