Newscenter.az.6.03.2021. "Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu demokratik dəyərlərin təşviqini, o cümlədən parlamentarizm ənənələrinin möhkəmlənməsini təmin edib. Xüsusilə də, 2020-ci il fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım martın 6-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Millət vəkili bildirib ki, seçkilərdən sonra ilk dəfə olaraq parlament sədrinin qadın seçilməsi, ölkəmizdə qadınların demokratik dəyərlərin təşviqi prosesinə cəlb edilməsi baxımından olduqca önəmli hadisədir. Eyni zamanda müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilmələri də əlamətdar hadisə kimi qeyd etmət lazımdır:
"Bu seçkilər fonunda həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri qadın deputatların sayının artması və onların qanunvericilik işində iştirakına yeni imkanların yaradılmasıdır. Ölkəmizdə qadınlar cəmiyyətin müxtəlif istiqamətlərində, o cümlədən idarəetmə sahəsində fəal təmsil olunurlar. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevanın parlaq ictimai-siyasi fəaliyyəti bütün qadınlar üçün bir nümunədir".
Deputat qeyd edib ki, ölkəmizdə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyətlidir:
"Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, 50 siyasi partiya birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bütün bunlar göstərir ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək bizi cəmiyyət olaraq bundan sonra da daim irəli aparacaq. Ona görə də, siyasi dialoq mühiti bundan sonra da inkişaf etdirilməlidir".
Fatma Yıldırım qeyd edib ki, hazırda bu proses uğurla davam edir və cəmiyyətin müxtəlif kəsimləri siyasi dialoqun təşviqinə öz töhfələrini verirlər:
"Bu istiqamətdə Prezident Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti təqdirəlayiqdir. Təmsil olunduğum Yeni Azərbaycan Partiyası da siyasi islahatlara dəstək verən qabaqcıl qüvvə olaraq siyasi dialoq prosesinin inkişafında mühüm rol oynayır. Partiyamızın sıralarında yer alan qadınların da siyasi dialoq prosesində fəal iştirak etmələri təqdirəlayiq haldır. Hesab edirəm ki, ölkədə həm demokratik dəyərlərin gücləndirilməsi, həm də siyasi dialoq prosesinin təşviqində xüsusi ilə qadınlarımız daha da fəal olmalıdırlar, yeni təşəbbüslərlə çıxış etməlidirlər. Məsələn, siyasi partiyalarda qadınlar daha geniş dairədə, hətta rəhbər strukturlarda təmsil olunmaları faydalı olar. Eyni zamanda, həm qeyri-hökumət təşkilatlarında, həm partiya sıralarında, həm də müxtəlif ictimai hərəkatlarda təmsil olunan qadınların birgə layihələr vasitəsilə demokratik dəyərlərin təbliğini həyata keçirmələri səmərəli nəticələr verə bilər. Bunlar, hər şeydən əvvəl, proseslərə ictimai marağın və dəstəyin artırılması, həmçinin qadınların ictimai-siyasi proseslərə geniş cəlb olunması baxımından çox önənlidir. Cəmiyyət olaraq bu istiqamətdə mühüm uğurlar qazansaq da, hələdə qarşımızda strateji əhəmiyyətə malik olan vəzifələr durur. İnanıram ki, Azərbaycan qadınları, bundan sonra da öz üzərlərinə düşən ictimai-siyasi vəzifələri layiqincə yerinə yetirməklə demokratik dəyərlərin və siyasi dialoqun inkişafında mühüm rol oynayacaqlar".
Mehman