Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan kommunikasiya xətlərinin açılmasına hazır deyil



Newscenter.az.9.03.2021. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməliydi. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi.

Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən martın 1-i geridə qalıb, ancaq liderlərə təklfilər paketi təqdim edilməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər? Elə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi verdiyi açıqlamalarda daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir. Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır. Görünür, Paşinyan müxalifətə ona təzyiqi artırmaq üçün əlavə alət vermək istəmir. Azərbaycan prezidenti İlham Əliyev son geniş mətbiat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır.

Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatın müəllifi Rusiya prezidentidir. Deməli, Moskvadan İrəvanın məsələni gecikdirilməsiylə bağlı izahat istənilməlidir.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş