Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan vendettanın astanasında



Newscenter.az.10.03.2021. 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra gözlənildiyi kimi Ermənistanda siyasi təlatümlər davam edir. Ancaq, hazırki mərhələdə proseslərin final mərhələsinə yaxınlaşdığını görmək olur. Ən az mühüm bir mərhələ geridə qalmaqdadır. Dörd aylıq zaman ərzində baş verənlərə nəzər salıb hələ ki, səriştəsiz, təcrübəsiz və idarəetmə bacarığı olmayan Paşinyanın siyasi meyitlərin idarə etdiyi müxalifətə qalib gəldiyini görürük.

10 noyabr tarixli Bəyanatdan sonra baş verən əsas hadisələrə nəzər yetirsək hər şey aydın olur. Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanı bir neçə amilə ümid edirdi. İlk öncə onlar müharibəni uduzan Paşinyanın hər bir halda hakimiyyətdən gedəcəyinə əmin idilər. Daha sonra, onlar özlərinin, xüsusilə də Köçəryanın Rusiya prezidenti V.Putinlə şəxsi münasibətləri amilindən istifadə etməyi düşünürdülər. Bu münasibətlərin fonunda rəsmi Moskvanın Paşinyana rəğbətinin yox səviyyəsində olması Ermənistan müxalifətini bir qədər də arxayın edirdi.

Ancaq proseslər göstərdi ki, hətta zəif Nikolla mübarizədə belə, Ermənistanda iyirmi ildən artıq hakimiyyətdə olan quvvələr məğlub olmaqdadırlar. Bunu şərtləndirən əsas amil Paşinyana aid olan hansısa xüsusiyyət deyil. Sadəcə müharibə çağırışları edən revanşist quvvələrə müharibə istəməyən Ermənistan cəmiyyyətinin cavabı sərt oldu. Ermənistan əhalisi gec də olsa artıq anladı ki, onların bütün bədbəxtliklərinin əsası Azərbaycana qarşı işğal və təcavüz siyasəti və qinşulara ərazi iddiaları ilə bağlıdır. Onların bu cür qənaətə gəlməsində Azərbaycan dövlətinin də rolu az olmadı. Azad edilmiş ərazilərimizi görəndən sonra anladılar ki, bu illər ərzində onları hansı vəhşi və vandal xislətli insanlar idarə edib.

Paşinyanın məğlub dövlətin rəhbəri və məğlub ordunun Ali Baş Komandanı olması reallıq olsa da, bu məğlubiyyəti tək onun adına yazmağın düzgün olmadığını da anladılar.Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki çıxışlarında heç də əbəs yerə demirdi ki, biz Paşinyanın yox Köçəryan və Sarkisyanın ordusunu məğlub etdik. Bu fikirlər, Ermənistan cəmiyyətində məğlubiyyəti təkcə Paşinyanın adına yazmağa cəhd edən erməni müxalifətinə qarşı düzgün mövqe seçməkdə yardımçı oldu. Bu gün Ermənistan əhalisinin mütləq əksəriyyəti müharibəyə qarşıdır. Bu da müxalifəti ictimai dəstəkdən məhrum edir. Elə bu səbəbdən də, onsuz da xarici təpkiyə məruz qalan hərbi çevriliş cəhdi də, uğursuz oldu.

Bu günə olan nəticələr hələ ki, Paşinyan qalib gəldiyini diktə etməkdədir. Siyasi proseslərdən uzun müddət kənarda qalan Ermənistanın ilk Prezidenti Ter Petrosyanın dəstəyinə rəğmən Qasparyanın vəzifəsi ilə vidalaşdığı deyilir. Baş qərargah rəisi Onik Qasparyanı Ermənistanın siyasi müxalifəti olan Qarabağ klanının ən son ümid yeri hesab etmək olardı. Bu artıq gərgin bir mərhələnin sonu deməkdir. Paşinyanın və arvadının Çauşesku cütlüyü kimi güllələnməsi səhnəsini nümayiş etdirən müxalif cəbhədəki düşmənlərə qarşı qisas addımları reallaşa bilər. Hər bir halda, bu gün Ermənistan hakimiyyəti uğrunda gedən mübarizə artıq çoxdan şəxsi intiqam və qisas müstəvisinə qədəm qoyub. Qalib gələn tərəfin qarşı tərəfə münasibətdə vendetta təşkil edəcəyi də istisna olunmur. Bu vendetta bəlkə də, Ermənistanı dalana çevirən və təcrid vəziyyətinə salan siyasətdən xilas edəcək. Bu isə, artıq zamanın iradəsindən asılı olan bir məsələdir!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş