Newscenter.az.11.03.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında rəsm müsabiqələri keçirilir.
Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir və yolda daha diqqətli olmaları tövsiyə edilir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır.
Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirir, səhnəciklərlə çıxış edirlər. Həmçinin yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx da nümayiş olunur.
Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
R.Mehdiyeva