Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat gənc sahibkarlarla görüşüb



Newscenter.az.12.03.2021. 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki ərazisində fəaliyyət göstərən gənc və eyni zamanda fərdi sahibkarlarla görüş keçirib, onlarla çay süfrəsi ətrafında xoş, mehriban söhbət aparıb.

Newscenter.az xəbər verir ki, öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.
M.Əfəndiyev qeyd edib ki, ötən 2020-ci ildə Azərbaycan tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni yaşadı. Qarabağımız Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, xalqımızın vəhdət təşkil edərək daim Cənab Prezidentin və rəşadətli Azərbaycan Ordusunun yanında olmasının hesabına azad olunub.

Daha sonra millət vəkili Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini vurğulayıb: “Sahibkarlığın inkişafı hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdəndir. Bu baxımdan 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən KOBİA-nın yaradılması ilə bağlı sərəncam imzalanmışdır. Agentlik KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir.
Deputat bildirib ki, bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, habelə əhalinin və xüsusilə də gənclərin iştirakçılığı təmin olunur.

Həmçinin M.Əfəndiyev 2020-ci il qlobal pandemiyanın yaratdığı maneələrə baxmayaraq qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində iqtisadi artımların müşahidə olunmasını qeyd etdi. Göyçay-Ağdaş rayonları aqrar rayon hesab olunduğundan bitkiçilik, heyvandarlıq, meyvə-tərəvəz sahəsində fərdi sahibkarlıqla məşğul olan şəxslərə dövlət qayğısından və son vaxtlar qəbul olunmuş proqramlardan danışaraq iştirakçıları məlumatlandırdı.

Milli Məclisdə də sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüslərindən, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2020-ci ildə gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırdı.
Görüşdə iştirak edən gənc sahibkarlar Aynur Əsgərova, Nərgiz Səmədovanın məşğul olduğu toxuculuq və Mirsadiq Həmidov, Azər Abdullayevin kənd təsərrüfatı sahəsi ilə bağlı sualları yerindəcə aidiyyatı üzrə istiqamətləndirilib və cavablandırılıb.

Daha sonra səfər çərçivəsində M.Əfəndiyev Göyçay rayon Gənclər Mərkəzini ziyarət edərək Mərkəzin yeni təyin olunmuş əməkdaşları ilə tanış olub, Gənclərin İnkişaf və Karyera Mərkəzinin kollektivi və bir qrup rayon könüllüləri ilə görüş keçirib, “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Könüllülər” (“DİM” Könüllüləri) proqramının seçki ərazisində tətbiqi barədə gənclərlə geniş müzakirələr aparılıb.

Sonda M.Əfəndiyev seçiciləri birlik və bərabərliyin simvolu, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi, bir olaraq mənfur düşməni məğlub etdiyimiz kimi, digər qarşıda duran problemlərin də dövlətimiz tərəfindən həll olunacağını, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməyin vacibliyini vurğulayıb.

Mehman
Xəbəri paylaş