Newscenter.az.14.03.2021. Konstitusiya nəzarəti konstitusiya müddəalarının aliliyini təmin edən vasitə olaraq demokratik dövlətin amili kimi qiymətləndirilir. Geniş mənada konstitusiya nəzarətinin əsas təyinatı dövlət orqanlarının və vəzifəli şəxslərin konstitusiya tələblərinə zidd hüquqi aktların və hərəkətlərin aşkar edilməsi, habelə bunlara qarşı tədbirlərin görülməsi deməkdir.
Konstitusiya nəzarəti ilk dəfə “konstitusiya” adlandırılan qanunların yarandığı yerdə və vaxtda yayılmışdı. Digər qanunlar kimi konstitusiyalar da konkret dövlətlərdə hər kəs tərəfindən real icra olunmaları üçün təminat verilməsinə ehtiyac duyurdu. İlk dövrlərdə belə nəzərdə tutulurdu ki, bu funksiyanı qanunverici orqanlar müvəffəqiyyətlə yerinə yetirə bilərlər. Çünki onlar özləri konstitusiyaları qəbul edir və qanunvericilik işində həlledici rol oynayırlar. Belə bir fikirlər də söylənilirdi ki, bu sahədə icra hakimiyyəti orqanlarının da səyləri ola bilər. Məsələn, bir sıra dövlətlərdə onların başçılarına parlamentlərinin qəbul etdiyi qanunları, (əgər onların fikrincə imzaya təqdim olunan qanun konstitusiyanın müddəalarına ziddirsə) onları imzalamaqdan imtina etmək (veto qoymaq) hüququ verilmişdir (bu hüquq indiki dövrdə də mövcuddur).
Bəzi ölkələrdə isə konstitusiya nəzarətinə məhkəmələri cəlb etməyə başladılar. Çoxları hesab edir ki, bu, ilk dəfə ABŞ-da olmuşdur. Belə ki, 1803-cü ildə ABŞ-ın Ali Məhkəməsi qərar qəbul etdi ki, o, ölkədə qanunverici hakimiyyət orqanları tərəfindən qəbul edilmiş hər hansı bir qanunu ABŞ Konstitusiyasına zidd olduğunu elan etmək hüququna malikdir.Qanunun bu cür elan edilməsi onun ilk növbədə məhkəmələr tərəfindən tətbiq olunmaması demək idi. Başqa sözlə, konstitusiyaya riayət olunması üzrə nəzarətə məhkəmələr də cəlb olundu. Onlar artıq icra və qanunverici hakimiyyət orqanlarının bu sahədəki işini tamamlamağa başladılar. Digər ölkələrdə isə belə nəzarətə münasibət birmənalı olmamışdır.
Yalnız son 50 il ərsində konstitusiya nəzarətinin məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsinin məqsədəuyğunluğu bir çox ölkələrdə qəbul olundu. Məsələn, Fransada bu funksiya Konstitusiya Şurası adlandırılan orqana, Avstriya, İtaliya və Almaniyada isə xüsusi yaradılmış Konstitusiya Məhkəmələrinə həvalə olunmuşdur.
Bu orqanların səlahiyyətlərinə gəldikdə isə, qanunların konstitusiya-ya uyğun olmasının yoxlanılması ilə yanaşı, onların arasında bəzi başqa səlahiyyətləri də var idi. Məsələn, müxtəlif növ dövlət orqanlarının qərarlarına nəzarət edilməsi, federasiyanın subyektləri ilə (federativ dövlətlərdə) dövlət orqanları
arasında mübahisələrə baxılması, seçkilərin nəticələri ilə bağlı mübahisələrə baxılması və s.
Azərbaycan Respublikasında da məhkəmə orqanları tərəfindən həyata keçirilən konstitusiya nəzarətinin taleyi mürəkkəb olub. 1918-ci ilə qədər bu məsələ qaldırılmamışdır, çünki Azərbaycanda Konstitusiya kimi müvafiq hüquqi, sosial və siyasi əhəmiyyəti olan akt olmamışdır.
1920-ci ildən sonra belə nəzarətin probleminə dair maraq SSRİ qanunvericiliyinin “bolluğu” yaratdı. Sözsüz ki, bunun üçün hüquqi baza kimi yalnız SSRİ Konstitusiyası ola bilərdi. Onun müddəalarına səmtləşmə o dövrdə formalaşan qanunvericiliyin eyniliyi üçün şərait yaratdı. SSRİ Konstitusiyasına riayət olunmasına nəzarət funksiyasını həyata keçirən orqan 1924-cü ildə yaranmış SSRİ Ali Məhkəməsi oldu.
O vaxt qüvvədə olan SSRİ Konstitusiyasının 43-cü maddəsinə uyğun olaraq bu məhkəməyə aşağıdakı səlahiyyətlər verilmişdir: ittifaq respublikalarına rəhbər izahatların verilməsi; Respublikalarda qəbul edilmiş məhkəmə qərarlarının qanuniliyinin və əsaslılığının yoxlanılması; İttifaq səviyyəli vəzifəli şəxslərin ittiham edilməsinə dair işlərə baxılması; konstitusiya nəzarəti. Axırıncı səlahiyyət sıx çərçivəyə alınmışdı və yalnız SSRİ Mərkəzi İcraiyyə Komitəsinin təqdimatı ilə verilmiş rəy kimi tətbiq oluna bilərdi.
Konstitusiya nəzarətinin belə bir geniş miqyasda həyata keçirilməsi böyük səylər tələb edirdi. Belə ki, İttifaq səviyyəsində konstitusiyaya zidd aktların ləğv edilməsi və ya dayandırılması üzrə təşəbbüsü irəli sürmək üçün respublikalar tərəfindən qəbul olunan bütün hüquqi aktları mütəmadi olaraq yoxlamaq lazım idi. Onların surətləri mütləq SSRİ Ali Məhkəməsinə göndərilir və orada dəqiq öyrənilirdi.
30-cu illərin əvvəlllərində konstitusiya nəzarəti sahəsində SSRİ Ali Məhkəməsinin fəallığı bir qədər azaldı, sonra isə tamamilə itdi. 1936-cı ildə qəbul olunmuş SSRİ Konstitusiyasında hansısa məhkəmə orqanı tərəfindən həyata keçirilən konstitusiya nəzarəti haqqında artıq heç nə deyilmirdi.
Konstitusiya nəzarətinin problemlərinə maraq yenidən 80-ci illərdə hüquqi dövlətə doğru yolların axtarılması zamanı yarandı. 1989-cu ildə SSRİ Konstitusiyasına riayət olunması üzərində səmərəli nəzarətin qurulması üçün artıq konkret addımlar atıldı. 1989-cu il dekabrın 23-də “SSRİ-də konstitusiya nəzarəti haqqında” Qanun qəbul olundu. Bu Qanuna əsasən SSRİ-nin Konstitusiya Nəzarəti Komitəsi təşkil olun-du. 1991-ci ilə qədər bu orqan müasir dövrün tələblərinə uyğun qanunvericiliyin demokratikləşdirilməsinə şərait yaradan bir sıra mühüm qərarlar qəbul etdi.
Respublikamız müstəqillik əldə etdikdən sonra referendum yolu ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya Konstitusiya Məhkəməsi barədə maddələrin daxil edilməsi mümkün oldu. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindən bəhs edir:
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanularının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbay-can Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) Bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uy-ğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbay- can Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanun və müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
VII. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
VIII. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.
IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səla-hiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
X. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
1997-ci ildə isə onlara əsasən “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli Fərmanı ilə Konstitusiya Məhkəməsinin müstəqilliyi və hakimlərinin statusu təmin edilmişdir. Artıq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müstəqil orqan kimi fəaliyyət göstərir.
Əli İbrahimov-hüquqşünas