Newscenter.az.14.03.2021. Ermənistan prezidenti Armen Sərkisyan martın 13-də partiya liderlərinin və baş nazirin iştirakıyla hazırki gərgin vəziyyətdən çıxış yolunu tapmaq üçün dəyirmi masa təşkil etməli idi. Ancaq alınmadı. Birincisi, meydanlara çıxan müxalifət baş nazir Nikol Paşinyanla ancaq istefa mövzusunu müzakirə edə biləcəyini açıqlayaraq görüşdən imtina etdi. İkincisi, Armen Sərkisyanın bir gün əvvəl səhhətində problem yarandı, xəstəxanaya aparıldı. Nəticədə Armen Sərkisyan bu gün ancaq baş nazir Nikol Paşinyanla görüşdü. Rəsmi xəbərlərdə yayınlanıb ki, prezidentlə baş nazir hazırki vəziyyəti və çıxış yollarını, o cümlədən erkən parlament seçkilərini müzakirə ediblər.
Paşinyan erkən parlament seçkisi mövzusunu Armen Sərkisyanla müzakirə etməklə hiyləgər gediş edib. Çünki Ermənistan prezidenti müharibədə ağır məğlubiyyətdən sonrakı müsahibəsində vəziyyətdən çıxış yolu kimi erkən parlament seçkisinin gərəkliyini bildirmişdi. Bir müddət sonra Nikol Paşinyan erkən parlament seçkisinə hazır olduğunu bildirdi. Bircə küçələrə çıxan radikalllar seçkinin əleyhinə çıxdı. Müxalifətin təklifi belədir ki, əvvəlcə Paşinyan istefa verməlidir, erkən seçkini isə müvəqqəti baş nazir və hökumət təşkil etməlidir. Bu isə indiki şərtlər daxilində mümkün deyil. Çünki meydanlarda formalaşması tələb edilən müvəqqəti hökumət və baş nazirliyə iddia edən Vazgen Manukyan legitim deyillər, onların mitinqlərinə uzağı 3-5 min insan toplaşır. Gücünə və elektoratına arxalanan Paşinyan isə erkən parlament seçkisinin əleyhinə deyil və prezidentə vaxtilə verdiyi sözü tutmasını istəyir.
Armen Sərkisyan qərar verməlidir. Ermənistan prezidentinin baş qərargah rəisi ilə bağlı qərarı son nəticədə müxalifəti narazı saldı, erkən parlament seçkisi ilə bağlı qərar da radikalların xeyrinə olmayacaq kimi görsənir. Müxalifət Paşinyanla bacara bilmir.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri