Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ müdiri “Zəfər tarixi” muzeyi ilə tanış olub



Newscenter.az.15.03.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva paytaxdakı 192 nömrəli tam orta məktəbdə yaradılan “Zəfər tarixi” muzeyi ilə tanış olub.

Newscenter.az xəbər verir ki, idarə müdirinə muzeyin yaradılması təşəbbüsü və ideyası, muzeyin ərsəyə gəlməsində məktəb-valideyn, müəllim-şagird əməkdaşlığının xüsusi rolunun olduğu haqqında məlumat verilib.

M.Vəliyeva Vətən Müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə hərtərəfli təqdim etmək üçün məktəbdə yaradılan “Zəfər tarixi” muzeyindəki ekspozisiyalarla yaxından tanış olub. Belə bir muzeyin təşkilinin məktəbdəki yaradıcı mühitdən və təşəbbüskarlıqdan xəbər verdiyini bildirib.

BŞTİ müdiri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib. M.Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Məktəb-valideyn, müəllim-şagird əməkdaşlığının məktəbin tədris mühitinə olduqca müsbət təsir göstərdiyini qeyd edən İdarə müdiri bu istiqamətdə atılan addımların zəruriliyindən danışıb.

Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

Həmçinin muzeydə “Biz qalib gəldik!”, “Qarabağ Azərbaycandır!”, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!”, “Rəşadətli Azərbaycan ordusu”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Vətən müharibəsi qəhrəmanları”, “Dəmir yumruq birliyimizdir!” mövzularında stendlər nümayiş olunur. Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri xüsusi maraq doğurur.

Qeyd edək ki, muzeyin yaradılmasında əsas məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.

Onu da qeyd edək ki, məktəbdə “Nizami Gəncəvi İli” ilə bağlı “Nizami Gəncəvi 880” guşəsi də yaradılıb. Guşənin yaradılmasında əsas məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tələblərin icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin daha dərindən aşılanmasından ibarətdir.

Bundan əlavə, məktəbdə Azərbaycan xalq nağıllarının personajlarından ibarət ekspozisiyalar nümayiş olunur. Həmçinin məktəbdə fizika-riyaziyyat-kimya fənlərinin inteqrativ istiqamətdə tədrisi məqsədilə zəruri işlər görülüb, stendlər, əyani vasitələr, “Açıq dərs”lərin keçirilməsi üçün şərait yaradılıb.

192 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev təhsil sahəsində səmərəli fəaliyyəti və sağlam məktəb mühitinin formalaşmasında rolu nəzərə alınaraq BŞTİ-nin Fəxri fərmanı ilə təltif edilib.

R.Mehdiyeva
Xəbəri paylaş