Newscenter.az.15.03.2021. Çıxışlarının birində Prezident İlham Əliyev müharibədən sonra ərazilərimizin bərpası məsələsində yeganə rəqibimizin zaman olduğunu dedi. Bununla da, ölkə başçısı bu məsələdə bizə kiminsə və ya nəyinsə mane ola bilməyəcəyini demək istədi. Yəni, zənnimcə biz sadəcə zamanla mübarizə aparacağıq ki, ona da qalib gələ bilərik. Çünki, artıq biz bu yolu keçmişik. Otuz ilə yaxın, bizi doğma Qarabağımızdan ayıran həmin zamana, biz səbr adlı silahımızla günlərin birində qalib gəldik!
Bu gün, ikinci Qarabağ müharibəsindən və onun sonu olan 10 noyabr Bəyanatından bizi cəmi dörd ay ayırır. Ancaq, bu dörd ayda baş verən proseslər elə o 44 günlük müharibə dövrünün aktivliyinə və sürətinə uyğundur. Azərbaycan Prezidenti bütün çıxışlarında, müsahibələrində və görüşlərində həmişə haqq mübarizəmizdə əsgərimizin və ordumuzun qələbəsini vurğulayır. Bununla belə ölkə başçısı bir qalib sərkərdə olaraq öyünmək əvəzinə, daha çox regionda sülh çağırışları edən bir lider kimi fərqlənir.
Hazırda regionda baş verməkdə olan proseslər, bir çox əlamətləri ilə 90-cı illərin əvvəllərində baş verənləri xatırladır. Bəzi məqamlarla bağlı eyni olaylar sadəcə fərqli cəbhələrdə baş versə də, əksini diktə edən hallar da var. Birinci Qarabağ müharibəsinin sonuna yaxın hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev mümkün qədər tez bir zamanda atəşkəs sazişi imzalamağa çalışdı. Bununla da o, sürətli olaraq torpaqlarını itirməkdə olan dövlətimizə hava və su kimi lazım olan zaman qazandırdı. O zaman bizə niyə lazım idi?
Məhz, o zaman sayəsində biz düşmənlərimizi və onların havadarlarını yuxuya verib"Əsrin müqaviləsi"ni reallaşdırdıq. "Əsrin müqaviləsi" adlı o sənəd bizim işğala məruz qalmayan digər ərazilərimizi son nöqtəsinə qədər işğalçı düşmənin və onun dəstəkçilərinin hücum təhlükəsindən tam sığortaladı. O sığorta sənədinin icrası müddətində də, biz işğalda olan ərazilərimizi geri qaytarıb sığortalamaq üçün ordumuzu gücləndirdik və milli ruhumuzu artırdıq. Elə o zaman ərzində qazandıqlarımızın hesabına oldu ki, günlərin birində düşmənin təxribatçı hücumlarına əks-hücumla cavab verib, müharibə apararaq tarixi torpaqlarımızı işğaldan azad etdik.
Müharibə etməyin də qızıl bir qaydası var. Həm qalib, həm də məğlub olan tərəf harada və nə vaxt dayanmağı bilməli və bacarmalıdır. Bu amil məğlubu məhv olmaq, qalibi isə qazandığı qələbəni itirmək təhlükəsindən qoruyur. "Rubikonu keçmək" adı ilə tarixə düşən bu ifadə hazırda fərqli məsələlərdə istifadə olunsa da, müharibə aparmaq prosesində qazandığı aktuallığı daim saxlayır. Napoleon, Hitler və bir çox inanılmaz ordulara malik olan digər güclü sərkərdələr "Rubikonu keçmək" qaydasına əməl etməmələri üzündən faciə yaşadılar.
Bütün hakimiyyəti ərzində, özünün də dediyi kimi, nəyi, nə zaman və necə etməli olduğunu bilən Prezident İlham Əliyev 44 günlük qələbəli müharibədə "Rubikonu keçmək" qaydasının da mahir bilicisi olduğunu nümayiş etdirdi. Güclü dəstəyi hesabına düşmənin zamanında altı ilə işğal etdiyi torpaqları 44 gündə qaytara bilən gücdə olan ordunun rəhbəri Şuşada dayanırsa deməli Şuşa bizim Rubikon idi. Geosiyasi və regional siyasəti və onun reallıqlarını bilən bunu anlayır, bilməyən də ki, zamanı gələndə mütləq anlayacaq. Anlamaq istəməyənlər isə, qəbul etməsələr də olar.
Ancaq bu gün Prezident İlham Əliyev çox tələsir. Həm çıxışlarından, həm görüşlərindən və həm də atdığı addımlardan bu tələsmə açıq hiss olunur. Bəs qalib gələn dövlətin rəhbəri niyə tələsməlidir ki? Ona görə ki, zamanında "Əsrin müqaviləsi"nin təsiri altına düşməyən və hazırda azad edilən əraziləri təhlükəsizlik baxımdan “beynəlxalq sığorta şəhadətnaməsi” ilə təmin etmək lazımdır. Bunu da, regionda iri nəqliyyat və enerji layihələrini reallaşdırmaq və iqtisadi aktivliyi artırmaq yolu ilə əldə etmək nümkündür. Prezident İlham Əliyevin çox qısa zamanda həyata keçirmək istədiyi bu proses reallaşdıqdan sonra, Şuşanın bizim üçün təkcə mədəni mərkəz və Qafqazın incisi olmadığını, həm də bizim "Rubikon"umuz olduğunu tam anlayacağıq.
Xəyal Bəşirov-siyasi şərhçi