Newscenter.az.16.03.2021.“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, icrasına bu ilin mart ayında başlamış layihə Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus adlanan ərazini əhatə edir. Həmin ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Burada içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılır. Əhali tərəfindən fərdi qaydada və pərakəndə şəkildə çəkilmiş xətlər və quraşdırılmış paylayıcı kollektorlar normal su təchizatına imkan vermir. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Xüsusilə yay aylarında belə şəbəkə vasitəsilə istehlakçıların normal içməli su təchizatını aparmaq mümkün olmur.
Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün “Azərsu” ASC tərəfindən daxili imkanlar hesabına reallaşdırılan layihə çərçivəsində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi tikilir. Layihənin əhatə etdiyi ərazidə 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilir və sayğaclar quraşdırılır.
Tikinti-quraşdırma işlərinin cari ilin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus adlanan ərazidə yaşayan 1000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqbul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
Anar