Newscenter.az.16.03.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Laboratoriyaların müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin personalın səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində AQTİ laboratoriyaları ümumilikdə 120 parametr üzrə Fransa, İngiltərə, Hollandiya, Türkiyə və Amerikanın nüfuzlu laboratoriyaları ilə səriştəlilik sınaqlarında iştirak edib. Qeyd edilən səriştəlilik sınaqları əsasən balda keyfiyyət və təhlükəsizlik göstəriciləri, ətin mənşəyi, GMO müayinələri, şərabda təhlükəsizlik və keyfiyyət göstəriciləri, quru meyvələrdə və çərəzlərdə aflatoksin müayinələri, qida məhsullarında ağır metal və digər zəhərli toksikoloji parametrlər və mikrobioloji müayinələr ilə bağlı olub. Bununla yanaşı İnstitutun heyvan sağlamığı və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyaları təhlükəsizlik göstəriciləri üzrə İngiltərə və Rusiya ilə qarşılıqlı səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, sözügedən səriştəlilik sınaqlarında 100–dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticə əldə edib.
Orxan