Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin Füzuli və Xocavənd rayonlarına səfəri Zəfərin davamıdır



Newscenter.az.17.03.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Ölkə başçısının tövsiyələri, dövlətin iqtisadi inkişafının nəticəsi kimi Azərbaycanda ordu quruculuğu geniş miqyasda inkişaf etdirildi. Ölkədə geniş miqyaslı islahatlar həyata keçirildi, beynəlxalq təlimlər onun gücünə inamı da artırdı. Ordunun ən müasir döyüş texnikaları ilə, uçuş aparatları ilə, atıcı silahlarla təchiz edilməsi də onun döyüş hazırlığının yüksəldilməsini təmin etdi. İndi qürurlanırıq ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır.

Ermənistanın torpaq iddiası Azərbaycana qarşı elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu və ya digər səbəbdən Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdi. Bu işğal 28 il davam etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyi işğalçı dövlətin danışıqlardan yayınması səbəbindən baş tutmadı. Ermənistan Azərbaycan ərazilərində müxtəlif üsullarla təxribatlar törətməyə cəhd göstərəndə hər dəfə ordu hissələrimiz bu cəhdlərin qarşısını qətiyyətlə alırdı. Belə bir cəhd 2020-ci ilin sentyabrın 27-də də oldu. Ordumuzun hissələri düşmənin müxtəlif istiqamətlərdən hücumunun qarşısını aldı. Əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə Vətən müharibəsi kimi davam etdirildi. 44 gün çəkən döyüşlər bir daha təsdiqlədi ki, işğalçılığın sonu yoxdu, vətənpərvərlik həmişə işğala qalib gəlir.

Vətən mühaibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bu möhtəşəm zəfər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərin döyüş əzminin, qələbə ruhunun, azərbaycançılığın zəfəri oldu. Bu Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu da yüksəltdi. Dünya ictimaiyyəti gördü ki, sərkərdəsi Cənab İlham Əliyev olan Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasından da, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin nüfuzundan da güclüdür.

Seçicilərlə görüşlərimin birində yaşı yetmişi aşan ağsaqqal dedi ki, bu yaşımda o torpaqlara mən də gedəcəm. Gəzməyə yox, ev tikənlərə mədəd olmağa, bir işin qulpundan yapışmağa. Gedə bilməsəm gorum od tutub yanar. O ağsaqqal təkcə öz adından danışmırdı, əhatəsində olanların adından danışırdı. Bu gün əminliklə deyə bilərəm ki, həmin ağsaqqal da, onun əqidə qardaşları da, övladları da işğaldan azad edilmiş kəndlərimizə uğur üstədi. Ölkə başçısının razılığı olanda onlar da quruculuq işlərinin iştirakçısı olacaqlar.

Vətən müharibəsində qazanılan qələbə xalqın qələbəsi idi. Xalq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfəri işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri ilə tamamlayacaq.

Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş rayonlara hər səfəri həm ölkə başçısının ərazilərlə ətraflı tanış olması, həm də bu rayonların 30 il əvvəlki sakinlərinə dövlət zəmanəti kimi yaşanılır. Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də xalqın inamının davamıdır: İşğaldan azad edilmiş şəhərlər, kəndlər yenidən qurulacaq, Böyük Qayıdış arzuladığımız səmtə yönəldəcək!

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri də bu gerçəkliyin tərkib hissəsi oldu. Düşmənin uçurub-dağıtdığı ərazilərdə quruculuq işləri başlayacaq. Hər bir azərbaycanlı quruculuq işlərində yaxından iştirak edəcək. Bu iştirakın necə olacağını vətəndaşın özü müəyyənləşdirəcək. Bu iştirakın ölçü vahidi şübhəsiz ki, Vətən sevgisi olacaq. Beynəlxalq ictimaiyyət bir daha əmin olacaq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə də, qorumağa da, düşmənin izini itirməyə də qadirdir. Dünya ictimaiyyəti bilir ki, Azərbaycanda düşmənin izi vandalizmdir, çox geniş miqyasda dağıntılardır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev səfər zamanı çıxışında dedi: “Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə - Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamıışdır”. Xalq ta qədimlərdən yolu uğur bilib, uğurlara vasitə bilib, iqtisadi inkişaf bilib. Bünövrəsi qoyulan bu yol niyyət yolu olacaq.

Ölkə başçısının işğaldan azad edilmiş rayonlara səfərləri xalqa daha bir mətləb də yaşadır: şəhərlər, kəndlər yenidən qurulacaq. 2016-cı il Aprel qələbəsindən sonra, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində camaatın kəndə dönüşünə əlverişli şərait yarandı. 1993-cü ildə ermənilərin uçurub-dağıtdığı Cocuq Mərcanlı kəndi yaşayış üçün sakinlərinə “Gəlin!” dedi. Bu çağırışın mənəvi harayı dövlətin qayğısı ilə gerçəkləşdi. Kənd tamamilə yenidən quruldu. İşğaldan azad edilmiş bütün kəndlər “Gəlin!” deyir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasında görülən işlərlə tanış olarkən dedi: “Növbəti mərhələdə təqribən 100 əlavə ev, bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıtdıqdan sonra həyat daha da canlanacaqdır”. Bu kəlamlar quruculuq işlərinin başlanğıcında deyilmişdi, həm torpaqlarımızın işğaldan azad ediləcəyi inamı kimi səslənmişdi, həm də işğaldan azad ediləcək şəhərlərin, kəndlərin bütün infrastrukturlarla təmin edilməklə yenidən qurulacağına zəmanət kimi. Bu kəlamlar bir daha təsdiqləyirdi ki, Azərbaycanda insan amili həmişə dövlət üçün ən mühüm prioritet olub. İnsan amilinə belə yüksək diqqət bu gün də ali səviyyədə diqqət mərkəzindədir.

Artıq Cocuq Mərcanlı kəndi əvvəlki görkəmindən tamamilə fərqlənir. İşğaldan azad edilmiş ərazilərdə bütün kəndlər Cocuq Mərcanlı kimi gözəl bir görkəmdə yenidən qurulacaq, dünyanın diqqətini çəkəcəkdir.

Ölkə başçısının Füzuliyə və Xocavəndə səfəri dünya ictimaiyyətinin də diqqətini çəkəcək. Dünya ictimaiyyəti bir daha əmin olacaq ki, Azərbaycan işğaldan azad etdiyi yaşayış məntəqələrində quruculuq işlərini böyük vətənpərvərlik məsuliyyəti ilə, böyük bəşəri duyğularla başlayacaq və yekunlaşdıracaq.

Mən Millət Vəkili kimi bu səfərlərin ölkənin inkişafı baxımından hansı yüksək nəticələrə hesablandığını, vətəndaşlarda nə kimi xoş əhval-ruhiyyə yaratdığını, vətəndaşlıq duyğularını hansı səviyyədə yüksəltdiyini duyur, görür, eşidirəm. Seçicilərimin də belə düşündüyünə zərrəcə şübhəm yoxdu. Dövlətə. dövlətçiliyə sədaqət hər birimizin əzəli vətəndaşlıq borcumuzdur. Biz işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin tempinə də, keyfiyyətlə başa çatacağına da əminik. Bu əminlik ölkə başçısına inamımızın əminliyidir.

Ölkə başçısı səfər zamanı çııxışında dövlətçiliyimizlə bağlı daha bir qürurverici məqamdan söz açdı: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq.”. Zəfər bu məqamın Zəfəridi! Bu Zəfər dövlət bayrağımızın Azərbaycanın ərazi bütövlüyünü əhatələməsinin Zəfəridir!

İctimaiyyət böyük coşqu ilə yaşadığı Zəfərin davamını da böyük ruh yüksəkliyi ilə yaşayacaq. Ölkə başçısının qürurla dediyi “Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir” kəlmələri qazanılmış Zəfərin qüdrətini hər birimizə bir daha yaşadır. Bu Zəfər tarixi Zəfərdir, deməli, bu Zəfərin nəticəsi kimi işğaldan azad edilmiş ərazilərə belə səfərlər də tarixi səfərlərdir.

Azərbaycan Respublikasının Prezidentinin Füzuli və Xocavənd rayonlarına səfəri Zəfərin davamıdır. Səfərdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakını xalq ruh yüksəkliyi ilə yaşadı.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş