Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Agentliyinin sədr müavini ekosistem oyunçuları ilə görüşüb



Newscenter.az.17.03.2021. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Lotfi Zadeh Texnologiya Mərkəzi”ndə innovasiya ekosisteminin oyunçuları ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə ekosistemin əsas oyunçuları olan “NextStep”, “SUP VC”, “Yeni Fikir” MMC, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”, “New Space”, “Youth İnc Biznes İnkubasiya Mərkəzi” və “Tech.az” şirkətlərinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Azərbaycanda innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə innovativ ideyaların sistemli və məqsədyönlü formalaşmasını, ekosistem oyunçularının bir yerə toplanmasını müzakirə ediblər. Həmçinin resurslara birgə çıxışın təmin edilməsinə dəstək ola biləcək tərəfdaşlıq platformasının yaradılması üçün səylərin gücləndirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılıq əldə edilib.

Sonra Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov tərəfindən startapların öz fəaliyyətlərini qurmağa və genişləndirməyə imkan verən rəqəmsal hökumət ekosisteminin komponentləri ilə bağlı təqdimat nümayiş olunub.

Görüşdə, həmçinin ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması, beynəlxalq bazara birgə çıxış imkanları, daxili və xarici investisiyaların cəlb edilməsi və bu sahədə digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması barədə də danışılıb və bir sıra qərarlar qəbul olunub.

Sonda görüş iştirakçılarının “Lotfi Zadeh Texnologiya Mərkəzi” ilə tanışlıq turu zamanı ekosistem oyunçularına Mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib.

Sevinc
Xəbəri paylaş