Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA nümayəndə heyəti Naxçıvana səfər edib



Newscenter.az.18.03.2021. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Naxçıvan MR-də səfərdədir.

Səfərin məqsədi KOBİA-nın fəaliyyət istiqamətləri, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə Naxçıvan sahibkarlarını məlumatlandırmaq, Naxçıvanın müvafiq qurumları ilə KOB subyektlərinin inkişafına dəstəkyönümlü təklifləri müzakirə etməkdir.

Bu gün "Naxçıvan Biznes Mərkəzi" MMC-də Naxçıvanın İqtisadiyyat Nazirliyinin, Sahibkarlar Konfederasiyasının və digər müvafiq qurumlarının iştirakı ilə KOBİA-nın nümayəndələri sahibkarlarla görüşüb.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdimatla çıxış edərək, Agentliyin fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, KOB sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün Agentlik KOB-ların bir sıra dəstək mexanizmlərindən istifadəsini təşviq edir, yeni dəstək alətlərinin yaradılması istiqamətində tədbirlər görür, dəstək mexanizmlərinin və alətlərinin effektivliyi mütəmadi olaraq qiymətləndirir və nəticələrə uyğun təkmilləşdirmə işləri aparır. Məqsəd dövlətin dəstək mexanizmlərini sahibkarlar üçün daha faydalı etmək, onların inkişafına daha əlverişli şərait yaratmaqdır. Hazırda Agentlik tərəfindən sahibkarlara daxili bazar araşdırmalarının aparılması, sərgilərdə iştirak, klasterləşmə, startap fəaliyyəti, bilik və bacarıqların inkişafı, layihələrin maliyyələşdirilməsi istiqamətlərində dəstək göstərilir. Hər bir dəstək mexanizmi barədə ətraflı məlumat verən O.Məmmədov bu dəstək və xidmətlərin sahibkarlara KOB evləri, “KOB Dostu” şəbəkəsi, KOB inkişafı mərkəzləri tərəfindən təqdim olunduğunu diqqətə çatdırıb, Naxçıvan sahibkarlarını KOBİA ilə fəal əməkdaşlığa və göstərilən xidmətlərdən aktiv istifadəyə dəvət edib.

Tədbir çərçivəsində KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra O. Məmmədov Naxçıvan MR-in iqtisadiyyat naziri Tapdıq Əliyev və Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovla görüşüb. Görüşdə KOB sahəsində birgə əməkdaşlıq imkanlarına, Agentliyin dəstək və xidmətlərindən Naxçıvan sahibkarlarının istifadə etməsinə dair müzakirələr aparılıb.

KOBİA-nın nümayəndələri həmçinin, "Naxçıvan Biznes Mərkəzi"ndə Naxçıvan istehsalı olan məhsulların nümayiş olunduğu sərgi, eləcə də bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Sevinc
Xəbəri paylaş