Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Novruzun mübarək Qarabağ!



Newscenter.az.18.03.2021. 30 il idi ki, hər bir azərbaycanlı bütün bayramlarda - Qurban bayramında, Ramazanda qurbanlar kəsir, Novruz bayramında Allaha dua edirdi ki, bizi doğma Qarabağımıza qovuşdur, bu müqəddəs bayramlarımızı Qarabağda qeyd edək, bayram qurbanları kəsək, Azərbaycanın tacı olan Şuşada bayram süfrəsi açaq. Novruz tonqalını Qarabağda alovlandıraq.

Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev hər bayramlarda həmvətənlərimizə müraciətlərində, Novruz bayramı ilə əlaqədar mərasimlərdə, insanlarla görüşlərdə, bayram tədbirlərində ən böyük niyyət kimi bayramlarımızın Qarabağda qeyd edilməsini arzulayırdılar. Onlar müsəlmanların ən müqəddəs səcdəgahı olan Məkkəyə ziyarət edərkən də Qarabağımıza qoşuşmaq üçün dualar edirdilər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bayramlarda xalqımızı təbrik edərkən, dini ocaqları ziyarət edərkən öz doğma Qarabağımıza qovuşmaq üçün sonsuz dualarını əsirgəmirdi.
Hamımız 30 il idi ki, Uca Yaradana ürəyimizdə daşıdığımız Qarabağ həsrətinin bitməsini dua edirdik. Qələbə günlərini gözləyirdik. Bütün azərbaycanlıların bir niyyəti vardı – Qarabağ.

Prezident İlham Əliyev hər zaman dərin inam və əminliklə deyirdi ki, biz işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik, biz o torpaqlara qayıdacağıq. Bizim işimiz haqq işidir, biz haqq yolundayıq, biz haqqımız olan torpaqlarımızı geri alacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarımızdan qovdu. Azərbaycan xalqının, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın torpaq həsrəti sona çatdı, illərlə etdiyimiz dualar qəbul olundu.
Şükürlər olsun, Tanrım, dualarımızı eşitdin, bizi arzu və niyyətlərimizə çatdırdın.

Cənab İlham Əliyev Ata Nəsihətini yerinə yetirdi, indi Ulu öndərin də bu əziz bayram günlərində ruhu şaddır, Qarabağ nisgili ilə haqq dünyasına qovuşan insanların, şəhidlərimizin ruhu şaddır.

Tanrım bizə bu sevincli günləri nəsib etdi. Novruz bayramını indi Qarabağda qeyd edirik, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qeyd edirlər, bayram süfrəsini 30 ildən sonra bu dədə-baba torpaqlarımızda açırıq. Qarabağda daha Xarı bülbülün də nisgili yoxdur, Novruz səmənisi də Qarabağda boy atır.

Tanrı Prezident İlham Əliyevə qalib Sərkərdə kimi bayram günlərini Qarabağda, Şuşada keçirməyi nəsib etdi. Cənab Prezident ailəsi ilə birgə son 2 ayda Şuşaya 2 dəfə səfər edib, hər səfəri də bir rəmzi məna daşıyıb. Birinci səfər Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 39 il əvvəl, 1982-ci ilin yanvarın 14-də inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı günündə İlham Əliyevin də iştirakı gününə təsadüf etdi. İkinci səfər isə martın 16-da ən əziz bayramlarımızdan olan İlaxır çərşənbəyə təsadüf etdi. Cənab Prezident Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə İlaxır çərşənbəni Qarabağımızın ürəyi, Azərbaycanın mənəvi paytaxtı Şuşada qeyd etdilər. Hər iki səfərdə də təbiət onlara xoş və mehriban üzünü göstərdi. Burada da bir hikmət var, Cənab Prezidentin dediyi kimi keçən dəfə də Şuşaya gələndə hava açıldı, Günəş bizi salamladı, indi də təbiət bizi salamlayır. Çünki bu, Azərbaycan təbiətidir. Bəli, bu, Tanrının bizə bəxş etdiyi 11 iqlim qurşağından 9-nun əsrarəngizliyi, mözücəsisidir.

Artıq Qarabağda dayanmayan quruculuq işləri gedir, 30 il müddətində arzularımızın ən məhrəmi, ən toxunulmazı, ən həsrətlisi olan Qarabağı qururuq, xeyirli, uğurlu olsun.
Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir, ümumxalq bayramıdır. Novruz bundan sonra həm də Zəfər bayramı kimi qeyd olunacaq, Qarabağın əbədiyaşarlıq rəmzi olacaq, Şuşada Zəfər tonqalları alovlanacaq.

Əziz Şəhid Anaları və Bacıları, Ailələri, Cəsur Qazilərimiz, Əziz həmvətənlər, Sizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.
Novruz bayramınız mübarək olsun!

Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş