Newscenter.az.19.03.2021. Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Administrasiyasının hazırda iki dövlət arasında olan münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisi kimi qəbul edilə bilər.
Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili maraqlarına cavab verməkdədir. Dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynamışdır. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış «Əsrin müqaviləsi»ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda ABŞ şirkəti təmsil olunur.
Bildiyimiz kimi, Prezident Co Baydenin vəzifəsinin icrasına başlamasından sonra iki ölkə arasında ali siyasi səviyyədə təmas olmayıb. Amma 2 gün öncə onun Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu iki dövlət arasındakı əlaqələrin perspektivinə tam aydınlıq gətirdi. Bu məktub ABŞ-ın yeni Prezidentinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi.
Qeyd edək ki, Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Həmçinin Azərbaycan ABŞ-ın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.
Bu baxımdan ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir və bu həqiqət müəyyən dairələr tərəfindən nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar. 2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilərkən Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan edib və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərib.
Bu gün ABŞ-ın yeni Administrasiyası ikinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür və bu reallıqlar çərçivəsində də Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təminatında, o cümlədən qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət olduğunu da aydın dərk edir. Ötən illər ərzində iki dost ölkə arasında münasibətlərin təhlili də göstərir ki, Azərbaycan Respublikası ilə ABŞ arasında olan münasibətlər mahiyyət etibarilə dinamik xarakter daşıyır.
Aa
Anar MƏMMƏDOV-Milli Məclisin deputatı