Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı da cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək



Newscenter.az.19.03.2021. "Cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, “yamanlığa yaxşılıqla” cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu da o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq hissi keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin ənənəvi olaraq Novruz bayramı ərəfəsində növbəti Əfv Sərəncamı imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin növbəti dəfə təsdiqi və təntənəsidir:

"Dövlət başçısının imzaladığı Sərəncam ümumilikdə 625 nəfərə şamil olunacaq, cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək. Onların arasında 4 nəfər AXCP üzvü, İslam Partiyasının sədr müavini və "Nardaran hadisələri"nə görə həbs edilənlərdən 31 nəfər də var. Bütün bunlar da onu sübut edir ki, ulu öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən, dəfələrlə əfv sərəncamları imzalayan Prezident İlham Əliyev də məhbuslar arasında fərq qoymur. Bu, dövlətimizin başçısının humanistliyini nümayiş etdirir. Xatırlatmaq istərdim ki, müstəqillik dövründə Azərbaycanda 70-ə yaxın əfv Sərəncamı imzalanıb, 10-dan artıq amnistiya aktı qəbul edilib. Hələ 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox məhbusa şamil edilib. Ümummilli Lider tərəfindən imzalanmış əfv sərəncamları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu öndər Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb. Məhz, Ulu Öndərin humanizminin nəticəsi olaraq, ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və bununla da Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Bu məqamda Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə müraciətləri də qeyd olunmalıdır. Çünki, onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları ilə də minlərlə insan azadlığına qovuşub. Bu da əlbəttə ki, ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sədaqət nümunəsidir".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin məhkumların və onların ailə üzvlərinin Ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, onların ictimai-siyasi mövqelərinə, irqi, dini, etnik mənsubiyyətlərinə fərq qoyulmadan imzaladığı Əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir:

"Əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur, digər tərəfdən, bu cür əfv sərəncamları başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen duruma, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinə təsir göstərən faktor kimi çıxış edir. Həmçinin, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab olunur. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır".

Sədaqət Vəliyeva onu da qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanıb. Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş edib:

"Bu Sərəncam bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili durur. Bu mənada, Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı da cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək".

Ruhiyyə
Xəbəri paylaş