Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Qarabağda infrastrukturun bərpasına kömək etməyə hazırdır



Newscenter.az.19.03.2021. “Ukraynanın keçmiş Dağlıq Qarabağdakı münaqişə ilə bağlı mövqeyi həmişə ardıcıl olub: dövlətimiz Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir. Bu, Ukrayna üçün təməl prinsipdir”.

Bu barədə “Report”a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

XİN Ukraynanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını ilk alqışlayanlardan biri olduğunu xatırladıb.

“Fikrimizcə, növbəti addım regionda sabitliyin və həyati fəaliyyətin bərpası olmalıdır. Azərbaycan rəhbərliyinin marağı və müvafiq müraciəti olacağı təqdirdə Ukrayna tərəfi yerli əhalinin, o cümlədən erməni mənşəli olanların ən qısa zamanda normal həyata geri qayıda bilməsi üçün zərər çəkmiş rayonların mülki infrastrukturunun və iqtisadiyyatının bərpasında hər cür yardımı göstərməyə hazırdır”, - Ukrayna XİN-dən söyləyiblər.

Qeyd olunub ki, Ukrayna infrastruktur obyektlərinin bərpası, sənaye və kənd təsərrüfatı müəssisələrinin layihələndirilməsi, meliorasiya və ekologiya kimi sahələrdə əhəmiyyətli təcrübəyə malikdir.

“Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar əldə edilərsə, bu sahələrdə birgə iş Ukrayna-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində, o cümlədən Ukraynanın Azərbaycandakı Ticarət Evinin əlavə yardım mexanizmlərinin cəlb edilməsi ilə koordinasiya oluna bilər.

Ukraynanın xarici iqtisadi fəaliyyətinin subyektləri azərbaycanlı tərəfdaşları ilə birgə işin təşkil edilməsinin bütün formalarına hazırdır. Bura infrastruktur obyektlərinin layihələndirilməsi, yüksək texnoloji avadanlıqların tədarükü, podrat və subpodrat işlərin yerinə yetirilməsi, obyektlərin və ya avadanlıqların istifadəyə verilməsindən sonra servis və zəmanət xidmətinin göstərilməsi aiddir”, - XİN-dən qeyd ediblər. Əlavə olunub ki, bu məsələlərin praktik şəkildə müzakirə edilməsi üçün yaxın zamanlarda bir sıra sahəvi işçi qruplarının iclasları və Birgə Hökumətlərarası Komissiyanın ekspertlərinin iclasının keçirilməsi planlaşdırılır.

“Bu tədbirlərin nəticələri Ukrayna hökumətinin nümayəndə heyətinin Azərbaycana gözlənilən səfərinin gündəliyini müəyyənləşdirəcək və iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının bütün sahələrində əsas vəzifələri fotmalaşdıracaq.

Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərindən biri də Ukrayna və Azərbaycanın regionları arasında tərəfdaşlıq münasibətlərinin inkişafıdır. O cümlədən söhbət Odessa və Gəncə şəhərləri, Truskavets və Quba şəhərləri, Lvov vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında artıq imzalanmış tərəfdaşlıq müqavilələrinin həyata keçirilməsindən, habelə İvano-Frankivsk vilayəti ilə Şamaxı rayonu arasında, Xarkov və Bakı şəhərləri arasında yeni əməkdaşlıq müqavilələrinin hazırlanmasından gedir.

Belə əməkdaşlığın potensialı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı nəzərə alınmaqla, ikitərəfli ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı üçün əlavə dinamika təmin edə bilər”, - XİN-dən bildiriblər.
Xəbəri paylaş