Newscenter.az.21.03.2021. “Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusu ilə 2020-ci ildə tarix yazan Azərbaycan dövləti bu il Novruz bayramını tamamilə fərqli ruhda, fərqli hisslərlə qeyd edir. Çünki bu Novruzu uzun illər işğal altında olan şəhər və rayonlarımız düşməndən azad şəkildə qeyd edir. Təbii ki, bu da hər birimizdə, hər bir Azərbaycan vətəndaşında yüksək fərəh hissi yaradır, onu qürurlandırır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, artıq işğaldan azad edilmiş şəhər və rayonlarımızda da Novruz tonqalları yanır, bu torpaqlar öz əzəli sahibləri tərəfindən dirçəldilir, bərpa olunur:
“Novruz bayramı günlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz tonqalı yandırması fonunda bunu aydın gördük. Cənab Prezident həm Cıdır düzündə bayram tonqalı yandırmaqla, həm də oradan xalqa bayram müraciəti etməklə əslində həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq aləmə bir sıra vacib mesajlar vermiş oldu. İlk növbədə Cənab Prezident Cıdır düzündə Novruz tonqalı yandırmaqla başda Şuşa olmaqla bütün işğaldan azad edilən şəhər və rayonlarımızda od-ocağın davamlı yanacağı mesajını vermiş oldu”.
Deputat qeyd edib ki, Cənab Prezidentin Cıdır düzündə Novruz tonqalı yandırması həm də zəfərin, qələbənin bir daha dünyaya, Azərbaycan xalqına nümayişi idi:
“Tarixən qələbələr, zəfərlər uca dağ başında tonqalların qalanması ilə qeyd edilib. Cıdır düzündə Novruz tonqalının qalanması da bayram ab-havası ilə yanaşı həm də zəfər, qələbənin bir daha təsdiqi idi”. İlham Məmmədov onu da diqqətə çatdırıb ki, istər 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə, istər şəhər və rayonlarımızın işğaldan azad edilməsi, istərsə də Cıdır düzündə Novruz tonqalının alovlanması və bunun hər birimizdə fərəh, qürur hissi yaratması Cənab İlham Əliyevin 17 illik prezidentlik dövründəki görüyü işlər, həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir: “Cənab Prezidentin 17 il ərzində bütün sahələrdə atdığı uğurlu addımlar, eyni zamanda xalq-prezident birliyi Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, elə dövlət başçısı da Şuşadan Novruz bayramı münasibətilə xalqa ünvanladığı müraciətdə bu məqama xüsusi diqqət yetirdi və Cənab Prezident bildirdi ki, müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər: “Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Millət vəkili onu da deyib ki, dövlət başçısının işğaldan azad edilən hər bir şəhər və rayona səfəri Qarabağa Böyük qayıdışı bizə daha da yaxınlaşdırır: “Şuşada, Cıdır düzündə Novruz tonqalının qalanması bu qayıdışın təsdiqidir və qayıdış prosesini bir qədər də sürətləndirəcək”.
NEWSCENTER.AZ