Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada zəfər tonqalının alovlandırılması Böyük Qayıdışın təsdiqidir



Newscenter.az.21.03.2021. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərlə bu il xalqımız Novruz bayramını xüsusi təntənə ilə qeyd edir. Uzun illərdir arzu edirdik ki, Bahar bayramını doğma torpaqlarımızda, Qarabağımızda qeyd edək. Artıq şükürlər olsun ki, bayram tonqalları işğaldan azad edilən torpaqlarımızda, Qarabağın döyünən qəlbi- Şuşada qalanır.

Ötən gün Ali Baş Komandan İlham Əliyevin Şuşada Cıdır Düzündə xalqımızı Novruz bayramı münasibətilə təbrik etməsi hər kəsi qürurlandırdığı qədər, eyni zamanda hər kəsdə məğrur hislər yaratdı. Çünki 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz dastan yazdı və biz bu gün qalib xalq kimi ilk milli bayramımızı bütün ölkə ərazisində qeyd edərək zəfər tonqalları yandırırıq. Cənab Prezident bir daha bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. "Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Şuşada bayram tonqalını alovlandırması ilə həmin nidanı qoymuş oldu.

Cənab Prezidentin Şuşa səfərinin ən ciddi məqamlarından biri də Azərbaycan gəncliyinə verdiyi dəyər və onun rolunu yüksək qiymətləndirməsi idi. Prezident İlham Əliyev bildirdi ki, "əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi". Həqiqətən də tarixi ədalətin bərpa olunmasında və böyük qələbəmizin əldə olunmasında məhz 17 ildə cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəslin xüsusi payı var. Ölkə başçısının da qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad olunması gənc nəslin də müəyyən etdiyi əsas vəzifələrdən biri idi.

Onu da qeyd edək ki, Şuşa xalqımızın milli ruhunu qoruyan və Azərbaycan mədəniyyəti üçün böyük önəm daşıyan bir şəhərdir. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Bu torpaqların əsl sahibləri isə bu gün həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün işlər görür. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib.

Bu gün hər bir azərbaycanlı görür ki, Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Biz əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.

Anar MƏMMƏDOV-Milli Məclisin deputatı
Xəbəri paylaş