Newscenter.az.24.03.2021. 3 il əvvəl Tərtər qarnizonunun hərbçilərinə qarşı törədilən vəhşiliklər haqda yazanda çoxları təəccüblənirdi. O zaman Facebookdan istifadə etmirdim və Twitter, Instagram hesablarıma, bloquma izləyicilərimdən xeyli suallar alırdım.
Bu gün isə vəziyyət tam dəyişib və Tərtər qətliamı birmənalı olaraq ölkə gündəmindədir. Bu da çox yaxşıdır, çünki həqiqət uğrunda mübarizə onu bilməkdən başlayır.
Cinayətlərin ifşası, açılması təkcə onları törədənlərin cəzalandırılması və ədalətin bərpası üçün deyil, həm də onların təkrarlanmasının qarşısını almaq baxımından çox vacibdir.
Bu gün hərbçilərə qarşı törədilmiş vəhşiliklərə sussaq, sabah bu, hansısa rayon və ya şəhər, birigün isə bütün ölkə miqyasında təkrarlana bilər və belə təhlükə də tamamilə realdır.
Elə bu səbəbdən də repressiv rejimlər öz repressiya aləti olan cəza qurumlarının cinayətlərinə daim göz yummağa çalışırlar, məsələ böyüyəndə isə ondan öz xeyirlərinə yararlanmağa cəhd edirlər.
Yalnız cinayətlərə qarşı bütün cəmiyyət və ya onun önəmli bir parçası toparlananda cinayətkarlar az və ya çox cəzalandırılır.
Layiqli cəza isə demək olar ki, heç zaman verilmir, çünki bu halda rejim öz qoruma aparatını öz əllərilə sındırmış olardı.
Odur ki, Azərbaycan Ordusuna qarşı törədilən təxribat, sabotaj və cinayətlərə illərdir siyasi hakimiyyət nümayəndələrinin susması təsadüfi deyil, əksinə, tamamilə məntiqlidir.
Son 2 gündə az qala hər kəsin müzakirə etdiyi, heç olmazsa baxmış olduğu və Nəcməddin Sadıkovun əks olunduğu qısa videoya bu qədər ictimai marağın olması da anlaşılandır. Çünki uzun illər boyu Azərbaycan dövlətinə və ölkənin Silahlı Qüvvələrinə qarşı törədilmiş cinayətlərin arxasında duran baş xəyanətkar bu video ilə mesajlar verir.
Nəcməddin Sadıkovun bu videonu yaymaqla nə demək istədiyi də bəllidir. Əslində çox şey. Demək istəyir ki, mən varam, hələ ayaqdayam, sizə məhəl qoymuram və siyasi hakimiyyət də mənə heç nə edə bilməz.
Video ilə xəyanətkar onu da deyir ki, mənim heç ölkədən çıxışıma da mane ola bilməyiblər və ola da bilməzdilər. Ədalət naminə deməliyik ki, tamamilə haqlıdır.
Bu yerdə siyasi hakimiyyətə bir sual verməmək olmur: ictimai-siyasi fəaliyyətinə görə saxta ittihamlarla təqib etdiyiniz fəalların illərlə ölkədən çıxışına qadağa qoyduğunuz halda, eynisini ölkənin hərbi sirrlərinin daşıyıcısı olan sabiq baş qərargah rəisinə niyə edə bilmirsiniz?
Bütün suallara olduğu kimi, buna da cavab verməyəcəklər əlbəttə, odur ki, cavabı özüm verim:
Qarşısında zooloji qorxu hissi keçirdikləri, təhdidindən qorxuya düşüb qoşunlarını gecə saat 3-də adi bir bəyanatla ölkəyə buraxdıqları Rusiyanın casusuna söz deməyə nə haqqları var.
Baş casusuna yazmadım, çünki mən hələ baş casusun kim olduğunu dəqiq bilmirəm...
2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var.
Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanıb bunların boş söhbətlər olduğunu deyir.
Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə...
Yadımdadır, 2017-ci ildə bu haqda boq yazımı dərc edəndə diqqəti ondan yayındırmaq üçün mətbuata təcili qondarılmış bir "sensasion" yazı atdılar. Sonra da unutdular əlbəttə...
Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə moderləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin qarşısında toy generalı Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi.
Əvəzində isə 2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması" bəhanəsi ilə. Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu.
Əks halda 2020-ci il savaşında nə bayrakdarlar, nə haroplar, nə baraklar, nə də loralar olmayacaqdı. Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər.
Bunun nəticəsinin nə ola biləcəyini isə deməyə yəqin ki, xüsusi ehtiyac yoxdur.
Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub.
Onun yerinə gətirilənlərdən biri - Hicran Rüstəmzadə dəniz xüsusi təyinatlılarına barəsində yazdığım Cəfər Seyidovu rəis təyin edir və sonra da Seyidovun rəhbərliyi altında həmin dəstə Tərtər qarnizonunun şərlənmiş hərbçilərinə vəhşicəsinə divan tutur.
Nəhayət, Tərtər qətliamında xüsusi canfəşanlıq göstərənlərin baş qərargaha və müdafiə nazirliyinin digər qurumlarına vəzifələrə çəkilməsi də birbaşa xain Sadıkovun planı üzrə baş verirdi.
Baş qərargah 2020 savaşından 2 il əvvəl snayper hazırlığı proqramını ləğv edir və komandirlərə düşmənin silah-sursatının sayı haqda rəqəmləri azaltmağı tapşırır.
Yeri gəlmişkən, bunun əlimizdə səs qeydləri şəklində sübutları da var. Belə fəaliyyətin nəyə hesablandığını və hansı nəticələr verə biləcəyini anlamaq üçün isə Suvorov və ya Napoleon olmağa ehtiyac yoxdur məncə.
Sadıkovun fəaliyyətini 10 ildən artıqdır diqqətlə izləyən biri kimi onun cinayətlərini saatlarla sadalaya bilərəm, amma elə bunlar kifayət edir ki, bir neçə suala cavab axtaraq:
1. Oktyabrın ilk günlərində "yanlış" döyüş planı təqdim edərək ordunu itkilərə məruz qoyduğuna görə prezident tərəfindən kənarlaşdırılan Sadıkov niyə həbs olunmadi?
2. Onun fəaliyyətinin yoxlanılması üçün niyə istintaq-əməliyyat qrupu yaradılmadı?
3. O, ölkədən xaricə niyə və kimin qərarı ilə buraxılıb?
4. Onun vəzifədən azad edilməsi barədə əmr və ya sərəncam bu günədək niyə yoxdur?
5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi bu gün kimdir?
Nəhayət, sonda bir sualım da var: nə vaxtadək bu ölkəyə məqsədli ziyan vuran satqınlar, xainlər və cinayətkarlar mükafatlandırılacaq, vicdanlılar isə belələri tərəfindən şərlənəcək, işgəncələrə məruz qalacaq və ödürüləcək?
Bu sualın cavabı isə özümüzdən asılıdır. Hamımızdan.
Cəmiyyət olaraq hələlik susuruq. Susumaq isə artıq intihara bərabərdir, odur ki, susmayaq və ilk növbədə düşmənlərimizi tanıyaq və tanıdaq!
Ərəstun Oruclu-politoloq