Newscenter.az.29.03.2021. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
"1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.
Məlumat üçün bildiririk ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.
Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə edir", - Nazirlikdən bildirilib.