Newscenter.az.29.03.2021. Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri və terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir.
Bildirilib ki, yanvarın 30-da Qarabağda atəşkəsə nəzarət etmək üçün açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzin komandanlığındakı fəaliyyətlərin də gündəlikdə olması güman edilir.
Bundan başqa, Suriyada son dövrdə baş verən proseslərlə yanaşı, Liviyadakı son durumu barədə də fikir mübadiləsi aparılacağı təxmin edilir.
Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq Dənizindəki problemləri müzakirə etmək üçün yenidən başladılan məşvərət danışıqlarında gəlinən mərhələnin qiymətləndirilməsi gözlənilən iclasda Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqlarının müdafiəsi istiqamətində fəaliyyətlərin də müzakirə olunacaq mövzulardan olacağı güman edilir.
Toplantıda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatlarla digər regional və milli təhlükəsizlik məsələlərinin də gündəlikdə yer alacağı təxmin edilir.