Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmar Vəliyevi güllələyən şəxsə ömürlük həbs cəzası verilə bilər



Newscenter.az.30.03.2021. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Y.Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Daha sonra müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 13-nə qədər təxirə salınıb.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxan zaman müdafiə tərəfi etiraz verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsinin olması səbəbilə işin başqa məhkəməyə göndərilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsinə etirazı əsaslı hesab edərək, cinayət işini baxılması üşün Bakı Ağır Cinayətlər Məhkiəməsinə göndərib.
Xəbəri paylaş