Newscenter.az.30.03.2021. Ermənistan prezidenti Armen Sərkisyan ölkəsindəki vəziyyəti olduğu kimi qiymətləndirib. O deyib ki, Ermənistan çoxvektorlu böhran içərisindədir: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir”. Emənistan prezidenti Dağlıq Qarabağ mövzusu üzərində ayrıca dayanıb:
“Biz Dağlıq Qarabağın əksəri ərazisini və minlərlə gəncimizi itirmişik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb”. Armen Sərkisyan Ermənistanın mənəvi-pisoxoloji böhranın yaşandığını isə bu sözlərlə izah edib: “Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.
Ermənistan prezidentinin dedikləri həqiqətdir. Ancaq o bu həqiqətləri səsləndirməklə parlament seçkisi öncəsində nə demək istəyir və ya hansı güclərə üstünlük verdiyini nümayiş etdirməyə çalışır? Fikrimcə, prezidentin bu açıqlamasının baş nazir Nikol Paşinyana bir zərəri yoxdur. Paşinyan prezidentin vurğuladığı böhrandan çıxış yolu kimi qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını təklif edir, əks halda Ermənistanda böhran dərinləşməkdə davam edəcək. Armen Sərkisyan isə hazırki böhranı bənd-bənd sadalamaqla Paşinyana dolayısıyla dəstək vermiş olur. Armen Sərkisyanın Böyük Britaniya ilə sıx bağlılığı var, keçmişdə bu ölkənin pasportuna sahib olub. O bir müddət Paşinyanın təlimatı əsasında baş qərargah rəisinin istefası qərarını təsdiq etməsə də, baş nazirlə toqquşmaya da getmədi, müxalifətdən məsafə saxladı. Çünki, erməni müxalifətinin əksər hissəsi Rusiyaya vassallıq siyasətinə üstünlük verir, Armen Sərkisyan isə Paşinyan kimi Qərblə də əməkdaşlığın tərəfdarıdır. Demək, Armen Sərkisyan da gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılmasına tərəfdar olmalıdır.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri