Newscenter.az.31.03.2021. “Azərbaycan Dəmir Yolları” QSC-də növbəti kollegiya iclası keçirilib.
Newscenter.az-a daxil olan xəbərə görə, videoformatda təşkil olunan konfransda əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Cəmiyyət sədri Prezident İlham Əliyevin sərəncamları əsasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair tapşırıq və öhdəlikləri diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlət başçısının fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması ölkəmizdə həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək. Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin 2021-ci il, fevralın 12-də imzaladığı sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini deyən Cavid Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.
İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq struktur bölmələrə aidiyyatı üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.
Sədr “Azərbaycan Dəmir Yolları” QSC kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıda qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Sevinc