Newscenter.az.10.04.2021. İlk dəfə Umberto Ekonun "Qızılgülun adı" əsərini oxuyanda sadəcə bu kitabın möhtəşəmliyinin təsiri altında qalmamışdım, həm də kitabdakı müsəlman alimləri, əsərləri və dünya elminə verdikləri töhfələr barədəki geniş məlumatları oxuyanda islam mədəniyyətinin keçmişdəki ehtişamı da məni ovsunlamışdı. Bunu təkcə yazıçı Eko yox, həm də elm tarixçisi Eko deyirdi.
Klassik əsərləri oxuyanda xüsusilə 9-12-ci əsrlərdə islam dünyasındakı elmi arayışlar insanın başını döndürür. Hətta kassik islam ədəbiyyatını vərəqləyəndə yenə müfəssirlərin, kəlamçıların, filosofların və s. həmişə ay, günəş, ulduzlar barədəki Quran ayələrinə o günkü dünyagörüşü çərçivəsindəki anlam və izahları, müasir elmə uyğun gəlməsə belə məna vermə cəhdləri ilə qarşılaşırıq. Bütün təfsirlərə nəzər salsaq görərik ki, müfəssirlər uzun əsrlər boyu 20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərindəki kimi ayın görünməsi məsələsi üzərində durmayıblar. Baxmayaraq ki, onların dövründə insan hələ Aya getməmişdi. Nəinki getməmişdi, heç cəhd də etməmişdi.
Müsəlmanlar nəzdində Ramazan bərəkət və feyzin yağdığı ay hesab olunduğu üçün bu ayda ibadət qədər, elmlə də məşğul olmaq tövsiyə olunurdu. Çünki müsəlmanlar elmin qapılarının bu ayda taybatay açıldığına, Ramazanın "elmi atmosferinə" də inanırdılar.
Yenə klassik mənbələrə nəzər saldıqda görürük ki, müsəlmanlar əski dövrlərdə ayın görünməsindən çox, bu ayın qarşılanmasına hazırlaşarlarmış. Ramazanın "mənəvi atmosferi"ni yaradaraq və ondan yararlanaraq bir ay boyunca mənəvi qidalarını almaqla məşğul olurdular.
Müasir dövrdə isə sadəcə axtarmaq, izah vermək, mənəvi qida almaq da yetmir. Zəmanə artıq bunlarla yanaşı Ayda, Marsda oturub oruc tutmağı tələb edir. Müsəlman aləmi yəqin ki, 9-12-ci əsrlərdəki qızıl dövrü o vaxt yaxalamağa yaxın olacaq ki, Ay barədə yazılan elmi məqalə və əsərlərin sayı ayın görünməsi məsələsinə həsr olunan status və fikirlərin sayından çox olsun.
Mehman İsmayılov-Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru