Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi təşkil olunacaq



Newscenter.az.11,04.2021. 4 aydan artıq bir müddətdir ki, Nizami rayonundan olan millət vəkili Könül Nurullayevanın təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu şəhidlərinin simasında vətən yolunda, torpaq uğrunda şəhid olmuş cəmi oğullarımızın əziz və uca xatirələrini yaşatmaq, qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, onların ruhlarını yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə şəhidlərimizə ithaf olunmuş rəsm sərgisi üzərində işlər görülüb.

Sərginin məhz aprel ayın üçün planlanması da təsadüfi deyildir – Aprel döyüşləri Azərbaycan xalqının iradəsi, əzmi, fədakarlığı, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük müharibə qələbəmizin zəfər bünövrəsinin qurucuları idi.

Newscenter.az Könül Nurullayevanın Deputat Qərargahına istinadən xəbər verir ki, sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində bütün vətəndaşlarımızın üzünə açıq olacaqdır. Sərgidə iştirak ödənişsizdir.

Rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid olmuş 31 qəhrəman oğlumuza həsr edilmiş rəsm əsərləri ilə yanaşı, Aprel döyüşləri, Tovuz döyüşləri və II Vətən müharibəsi zamanı Azərbaycanın digər səfalı guşələrindən şəhidlik zirvəsinə ucalmış, adı dillər əzbəri olmuş, xalqın ürəyində xüsusi yeri olan 20-dən çox vətən oğlunun, o cümlədən, Milli Qəhrəmanlar General-Mayor Polad Həşimov və Polkovnik-Leytenant Murad Mirzəyevin xatirələrinə ithaf olunmuş rəsm əsərləri də yer alacaqdır. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdiriləcək. Sərgi Azərbaycanımızı şanlı zəfərə aparan keşməkeşli və qürurlu qələbə yolunda Nizami rayonu şəhidləri simasında vətən üçün canını fəda edən ümum vətən oğullarımızın əziz xatirəsinə ithaf olunur.

Sərgidə nümayiş etdiriləcək rəsm əsərlərinin müəllifləri Azərbaycan rəssamları Şəmsəddin Əliyev və Elşən Abbasovdur. Azərbaycan Rəssamlar Birliyinin üzvü, I Qarabağ müharibəsinin veteranı olmuş qəhrəman rəssam Şəmsəddin Əliyevin rəsm əsəri 2013-cü ildə dövlət səviyyəsində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş rəsm sərgisində 500 rəssamın əsərləri sırasında birinci pilləyə layiq görülmüşdür. Rəssam 7 dəfə fəxri fərman və fəxri diplomlarla təltif olunmuş, əsərləri 50-yə yaxın sərgidə nümayiş etdirilmişdir. Gənc rəssam Elşən Abbasov da 32 fərqli sərgidən mükafatlar olmaqla, fəxri fərman, sertifikatlar və diplomlarla tətif edilmiş, 2021-ci ildə keçirilən “Türkiyə Zirvə Ödülləri” tədbirində “Peşəkar Gənc Rəssam” tituluna layiq görülmüşdür.

Sərgi zamanı şəhidlərimizin əziz xatirələrindən ibarət video çarx da izləyicilərə nümayiş etdiriləcək. Şəhidlərimizə ithaf olunmuş bütün rəsm əsərləri sərginin sonunda xatirə əsər qismində şəhid ailələrinə hədiyyə olunacaqdır.

Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti və hərbi rəhbərliyi, analarımızın igidliklə böyütdükləri vətən oğullarının şücaəti və qəhrəmanlığı sayəsində bu gün 30 ilin nisgili tarixi-əzəli Qarabağ torpaqları yenidən Azərbaycandır. Ölməz şəhidlərimiz bizim fəxrimiz və qürur mənbəyimizdir! Ürəklərimizdə daim yaşayacaq şəhidlərimizə Allahdan bir daha rəhmət, ruhlarının şad olmasını diləyirik...
Sizi bu sərgidə iştirak edərək şəhidlərimizin əziz xatirəsini anmağa, onlara olan sevgi və ehtiramınızı bildirməyə dəvət edirik.

Ruhiyyə
Xəbəri paylaş