Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır



Newscenter.az.12.04.2021. “Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir”.

Newscenter.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib.

Deputat bildirib ki, tarixi qələbəmiz unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb: “Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər”.

J.Əhmədova həmçinin qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir: “Xüsusi olaraq qeyd edim ki, bu günə qədər 9200-dən çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulur. Onu da bildirim ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 5 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim ediləcək. Bu bir daha onu deməyə əsas verir ki, qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır”.

“Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Azərbaycan Prezidenti vətəndaşların yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd edib. Xatırladım ki, hələ 2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçilərkən demişdi: “Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın”. Dövlət başçımız ötən müddət ərzində digər vədlər kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaq. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, Müzəffər Ali Baş Komandan dayanır”, - deputat bildirib.

Ruhiyyə
Xəbəri paylaş