Newscenter.az.12.04.2021. Bakıda Hərbi Qənimətlər Parkının açılışını yüksək qiymətləndirirəm. Ordumuzun 44 gün sürən Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazandığı tarixi zəfərinin əyani vasitələrlə nümayiş etdirilməsi, eyni zamanda da şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması, Hərbi Qənimətlər Parkının salınması olduqca mühüm məsələ idi. Məhz bu məqsədlə də cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev xüsusi Sərəncam imzalamış, təşəbbüslə çıxış etmişdi. Artıq hamımız bu təşəbbüslərin həyata keçirilməsinə şahidlik etməkdəyik.
Belə ki, Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi və burada çıxışı zamanı səsləndirdiyi fikirlərlə, etdiyi xəbərdarlıqlarla düşmən tərəfə - Ermənistanın hərbi-siyasi rəhbərliyinə və revanşist siyasətçilərinə növbəti dəfə göz dağı verdi, psixoloji zərbə vurdu. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin nəticələrinin bu cür park formasında, açıq hava muzeyi qismində nümayiş etdirilməsi düşməni mənəvi-psixoloji cəhətdən əzməklə yanaşı, öz vətəndaşlarımızda, xüsusən də gənclərimizdə milli qürur hissinin formalaşdırılması, vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi baxımından olduqca önəmlidir. Bura milli qürur yerimizə çevriləcək. Yeniyetmə gənclərimiz bu parkda nümayiş etdirilən hərbi texnikaları, qənimətləri əyani şəkildə görməklə 44 günlük müharibədə düşmənin necə darmadağın edilməsi barədə real təsəvvürlərə malik olacaqlar. Onlar real tarixlə canlı təmas quracaqlar.
Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında nümayiş etdirilən, Azadlıq meydanında, bütün xalqımızın və dünyanın gözü qarşısında Ermənistanın rüsvayçı məğlubiyyətini, erməni fərariliyini göstərən düşmən silahları, düşmənin qoyub qaçdığı döyüş texnikaları, hərbi avtomobillərin nömrələri bundan sonra Hərbi Qənimətlər Parkında nümayiş etdiriləcək. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi hər bir Azərbaycan vətəndaşı, ölkəmizə gələn rəsmi qonaqlar, o cümlədən çoxlu sayda əcnəbi turistlər bu parkı ziyarət edərək bu qənimətləri görəcək və kimin kim olduğu bir daha aydın şəkildə üzə çıxacaq. Bu parkın açılışı və bu parkdakı qənimətlər qoy ermənilərə də dərs olsun. Onlar da örsünlər ki, işğalçılıq və zülm heç vaxt cavabsız qalmır, ilahi ədalət nə vaxtsa mütləq öz yerini tapır. Prezidentimizin sözüylə desək, budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri