Newscenter.az.12.04.2021. Aprelin 12-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Avstriya parlamentinin Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.
Newscenter.az xəbər verir ki. görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili ölkələrimiz arasındakı münasibətlərin müsbət inkişaf dinamikasından, mövcud potensialından və perspektivlərindən söhbət açıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını erməni işğalından azad etməklə bölgədə yeni reallıqlar yaratdığını qeyd edib, əməkdaşlıq imkanları barədə danışıb.
Avstriya parlamentinin Cənubi Qafqaz üzrə parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Qudrun Kuqler və qrupun üzvləri görüş zamanı müharibədən sonra bölgədə yaranmış şərait, köçkünlərin taleyi, tarixi və dini abidələrin qorunması məsələləri ilə, həmçinin Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizə, pandemiya dövründə təhsil, vaksinasiya prosesinin gedişi ilə maraqlanıblar.
Milli Məclisin deputatları Tahir Mirkişili, Mahir Abbaszadə, Ülviyyə Ağayeva, Əli Məsimli, Sahib Alıyev, Nurlan Həsənov, Elnur Allahverdiyev, Avstriya parlamentarlarını maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Çıxış edənlər Azərbaycanda gedən islahatlar, ölkə daxilində yaradılan siyasi dialoq platforması, tarixi və dini abidələrin dövlət səviyyəsində qorunması, mövcud tolerantlıq barədə danışıblar. Söhbət zamanı 30 illik işğalın ölkəmizə vurduğu ziyandan danışılıb, Ermənistanın hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb, bu kimi məsələlərdə beynəlxalq ictimaiyyətin susqunluq nümayiş etdirməsinin anlaşılmaz olduğu bildirilib.
Görüş iştirakçılarına ölkəmizdə pandemiya ilə bağlı həyata keçirilən siyasət, hökumətin iqtisadi sahədə atdığı dəstəkləyici addımlar, sosial yardım paketləri, məhdudlaşdırmalar və vaksinasiya tədbirləri barədə də məlumatlar verilib.
Konstruktiv dialoq şəraitində keçən onlayn tədbirdə Azərbaycanla Avstriya arasında əməkdaşlıq formatları, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif sahələrdə əlaqələrin inkişafı vacibliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Əminə Ağazadə, Vüqar Bayramov və digər rəsmi şəxslər iştirak ediblər.
Mehman