Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev yaradıcı, yenilikçi və qurucu Liderdir



Newscenter.az.12.04.2021. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!..

Dövlət başçımız İlham Əliyevin prezidentliyə başlamasından keçən zaman kəsiyi tarix baxımından, əlbəttə, yeni rəhbərin bütün sahələrdə özünü təsdiqləməsi üçün o qədər də böyük vaxt deyil! Lakin ötən müddət Prezident İlham Əliyevə kifayət etdi ki, o hələ Baş nazir təyin olunarkən bəyan etdiyi kimi, Heydər Əliyev yolu ilə getdiyini, ulu rəhbərin bütün vəsiyyətlərinə sadiq olduğunu konkret fəaliyyəti ilə, gördüyü böyük quruculuq-abadlıq işlərilə sübuta yetirsin!

Biz bütün ötən illər ərzində Prezident İlham Əliyevin başçılığı altında əzmlə, sarsılmadan, səndələmədən, necə deyərlər, düşmənləri sevindirmədən Heydər Əliyevin qoyduğu yolla getdik və uğurdan-uğura qovuşduq. Bir sözlə, Heydər Əliyevsiz yaşadığımız ötən illər ərzində Heydər Əliyev siyasətinin yeni-yeni qələbələrinin şahidi olduq, ağır sınaqlardan üzüağ çıxdıq! Dünya gördü ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə qüvvətli siyasi rəhbərlik var, ölkədə yenə sabitlikdir, əmin-amanlıqdır, bu ölkə ilə əməkdaşlığı davam etdirmək olar!

Azərbaycanın dövlət başçısı yaradıcı prezidentdir. Ölkə başçısının bütün fəaliyyəti aydın sübut edir ki, ehkamçılıq ona yaddır. Bizim prezidentimiz dünyada sürətlə gedən dəyişikləri diqqətlə izləyir, dövlət idarəçiliyini zamanın tələblərinə uyğun olaraq daim təkmilləşdirir, keçmiş irsi yaradıcılıqla inkişaf etdirir.

Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu "olum ya ölüm!" çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yarandıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi! İndi isə zaman əsaslı surətdə dəyişib. Dövlətimiz möhkəmlənib. Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə - lider dövlətə çevrilib. Bu isə ölkə daxilində qarşıdurma əhval-ruhiyyəsinin tamamilə aradan qaldırılması və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti bu istiqamətdə də müdrik və cəsarətli addımlar atır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Yeni dövrün yeni lideri olan Prezident İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu Prezident kimi daxil olmuşdur. Qurucu Prezident bu gün həyata keçirdiyi müdrik islahatlar proqramı ilə Azərbaycanın gələcək tarix salnaməsinin ən şanlı səhifələrini yazır...

Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş