Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Səbinə Xasayeva yazır: Müstəqil Azərbaycanın dövlətçiliyinin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir



Newscenter.az.14.04.2021. Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Bu kəlam hər bir azərbaycanlının milli özünüdərkidir. Məhz buna görə də Vətənini sevənlərin hamısı Ümummilli Liderimizin ideoloji irsini öyrənə-öyrənə həmişə Azərbaycan dövlətçiliyinin əsgəri olub. Əsgər olmaq ifadəsinin məna çalarları çoxdur. Onlardan biri də hər hansı ideyanı böyük məsuliyyətlə, böyük sədaqətlə yerinə yetirməkdir.

1993-cü ilin iyununda Azərbaycanda real dövlət çevrilişi yarananda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət Azərbaycanın dövlətçiliyi naminə bu təkidli təklifi qəbul etdi. Onun hakimiyyətə qayıdışı ilə dövlət çevrilişinin qarşısı alındı, milli qarşıdurma aradan qaldırıldı, uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr yaratmağa maraqlı oldular. Dahi şəxsiyyətin fenomenal siyasətinin nəticəsi olaraq Azərbaycanda neft strategiyası, “Böyük İpək Yolu” kimi möhtəşəm layihələr dünyanın əksər dövlətlərini əhatələdi. Bunlar Ümummilli Liderin heyrətamiz vətənpərvərliyinin təsdiqi kimi yaşanıldı, əbədiyyən yaşanılacaq da. Yeniyetmələr də, gənclər də Vətəni necə sevməyi ən böyük azərbaycanlı olan dahi Heydər Əliyevin vətənsevərliyindən öyrənir, öyrənəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir müstəqil Azərbaycanımızın dövlətçilik memarının azərbaycançılıq ideologiyasını da uğurla davam etdirir; azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sahələrini, eləcə də ordu quruculuğunu əhatələyir. Müstəqil Azərbaycanın dövlətçiliyinin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir. Bu məfkurə min illik dövlətçilik tarixinə malik olan bir xalqın yaşama, var olma fəlsəfəsidir. Bu məfkurənin əsası vətənpərvərlikdir. Vətənpərvərlik Vətənə sevgidir. Abbas Səhhət deyirdi: “Vətəni sevməyən insan olmaz”. Vətənpərvərlik bu sevginin ən yüksək səviyyədə təzahürüdür. Xalqımızın adına ad, şöhrətinə şöhrət gətirən bütün dahilərin Vətən sevgisi belə sevgi olub. Əhməd Cavada “Azərbaycan marşı”nı, Üzəyir Hacıbəyova bu marşa himn kimi musiqi bəstələməyi, Səməd Vurğuna “Azərbaycan” şeirini, bu möhtəşəm sevgi yazdırıb. Tarix təsdiqləyir ki, böyük tarixi şəxsiyyətlərin Vətən sevgisi də böyük olur.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. İlk vaxtlar ərazilərimizi əhali və ərazi özünümüdafiə taborları müdafiə edirdi. Bu, vətənpərvərlik idi. Düşmənlə döyüşənlər bir amalla vuruşurdu – ərazi bütövlüyümüzü qorumaq. Bu da vətənpərvərlik idi.

Vətənsevərlər Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini məsuliyyətlə yaşatmaqdadır. Azərbaycançılıq müstəqil Azərbaycanın milli ideologiyası olub, həmişə də belə olacaq. Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan dövlətçiliyini möhkəmləndirmək vasitəsi kimi dəyərləndirərək deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq".

Birinci Qarabağ müharibəsində onlarla gənc Vətən naminə, dövlət naminə qəhrəmanlıqlar göstərdi. Etibar Hüseynov özünü düşmən tankının altına atdı. Mayor Rasim İbrahimov əsir düşməmək üçün özünü də, onu dörd tərəfdən əhatəyə almış düşmənləri də partlatdı. Baloğlan Süleymanov düşmənin tanklarının səfini pozmaq üçün qumbaraatanla onlara atəş açdı,döyüş belə davam etdi: Baloğlanla düşmənin tankları atışırdı. Baloğlanın son nəfəsinə kimi.

Tərtərdə Vəzir Orucov döyüşlərdən əvvəl düşmənin arxasına keçər, döyüşçülərimiz hücum edəndə geri çəkilən düşməni pulemyotla qırardı. Onlarla belə qəhrəmanlıqlar olub. Bunların hamısı vətənpərvərliyə söykənmişdi. Bu qəhrəmanlar Vətən borcu kimi döyüşürdülər. Mən seçicilərimlə görüşlərdə bu haqda danışıram da, eşidirəm də. Seçicilər Vətən sevgisinin ailədən başladığını, məktəbdə davam etdirildiyini, ictimaiyyət tərəfindən formalaşdırıldığını deyirlər. Bu düşüncə də,bu qənaət də vətənpərvərlikdir.

Mübariz İbrahimovun qəhrəmanlığı hamını qürurlandırdı. Gizir Mübariz İbrahimov 2010-cu il iyun ayının 18-də gecə yarı, kimsənin xəbəri olmadan bir kilometrədək məsafə qət edərək düşmənin mövqesinə, səngərlərinə getmişdi. Şəhidliyini gözaltılayaraq, düşmənə imkanı həddində tələfat verdikdən sonra şəhid olacağınaı bilərək. Bu, ölümə, bu baxımdan ermənilərə meydan oxumaq idi. Düşmən Mübarizin fövqəlqəhrəmanlığından vahimələnmişdi, günlərlə, aylarla səngərdə səksəkələr yaşamışdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovu düşmənin içinə, döyüşə mənəvi kamilliyi, hərbi anda sədaqəti, ən başlıcası, vətənpərvərliyi aparmışdı. Onun qəhrəmanlığından sonra təkcə ordumuzda deyil, cəmiyyətimizdə yeni bir qəhrəmanlıq mərhələsi yarandı: mübarizləşmə. Bunun təsiri idi ki, 2016-cı ilin sonunda Çingiz Qurbanov Tovuzda Mübarizin qəhrəmanlığının mahiyyətini təkrarladı: dekabr ayının 29-da Ermənistanla Azərbaycanın dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşdü, neçə düşməni məhv etdi, şəhid oldu. Çingizin bu döyüşə getməsi də, döyüşə getdiyini digər əsgərlərə bildirməməsi də, mərdliklə döyüşməsi də, şəhidliyi də vətənpərvərlik idi.

Çağdaş gəncliyimizin vətənpərvərliyinin Vətənin müqəddəsliyinə layiq səviyyədə formalaşmasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun da vətənpərvərliyindən öyrəniləcəkdir.

Ötən il mətbuatda ön xətdə xidmət edən bir əsgərin dedikləri könlümə yatmışdı:

– Azərbaycanda milli-azadlıq hərəkatı genişlənəndə müstəqillik mübarizlərinin sırasında atam da olub. Mən yaşda olanda. Yəni mən və mənim yaşıdlarım həm də atalarımızın düşüncələriylə formalaşmışıq. Onların mübarizəsinin nəticəsi dövlət müstəqilliyimiz oldu. Atamgilin mübarizə apardığı illərdə səslənən “Ya qazi ol, ya şəhid” çağırışı bizə də aiddir. Onların əqidəsi bizim əqidəmizdir, o əqidə azərbaycançılıqdır, Azərbaycan dövlətçiliyidir, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır – torpaqlarımızın işğaldan azad edilməsidir.
Bu fikirləri dövlətə, dövlətçiliyə sədaqət kimi oxumuşdum, bu vətənpərvərliyi seçicilərimlə qürurla bölüşmüşdüm.

2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə də əsl qəhrəmanlarımız oldu. Onlar torpaqlarımızın işğaldan azad edilməsi üçün heç nədən çəkinmədən döyüşürdülər. Leytenant Elvin Şükürlü Mübariz İbrahimovun qəhrəmanlığını təkrarladı: Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri leytenant Elvin Şükürlü olan taqım da qətiyyətlə döyüşürdü. Döyüş ara verəndə komandir nə düşünübsə, əsgərlərinə baxıb. Onların baxışlarının tünlüyündə sonrakı döyüşü görüb. Sevgilərlə gözdolusu hər birinə bir də baxıb, “Siz qalib gələcəksiniz!” deyib, heç kimə hiss etdirmədən, komandanlığa bildirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlamağa – düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqesinə gedib. Düşmənin informasiyalarından məlum olub ki, Elvinin şəraitə görə atışmağa imkanı olmayıb. Qarşısına çıxan erməniylə əlbəyaxa olub, onu öldürüb. Sonra başqa ermənini, sonra üçüncünü, sonra dördüncünü. Düşmənin səngərində şəhid olub. Düşmənin mövqesinə, səngərinə belə gediş, belə döyüş vətənpərvərliyin təsdiqidir. Elvinin vətənpərvərliyi taqımın döyüş ruhunu, qisas hissini kükrədib.

Döyüşçülərdən birinin “Komandirimizin qisasını almadan Əzrayıla can vermərəm!” kəlmələrini hamısı döyüş andı bilib. Əsgərlərimiz döyüşü taqım komandirlərinin şəhidliyinin ruhu ilə davam etdirib. Bunlar hərbi anda sədaqət biçimli vətənpərvərlikdir.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, azərbaycançılıq Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmlətmək vasitəsidir. Azərbaycan gəncliyi böyük tarixi şəxsiyyətin bu kəlamını öyüd-nəsihət kimi düşüncələrinə, düşüncələrindən ömürlərinə köçürüb. Bu köçürmə də vətənpərvərlikdir.

Vətən müharibəsinin ilk qələbələrini xalqımız torpaqlarımızın işğaldan qurtuluşunun başlanğıcı bildi. Hamı özünü ruhən döyüşənlərin sırasında sanırdı. Nənələr döyüşənlərə əlcək, corab, jaket toxuyurdu, o günlərdə analar döyüşənlərin ehtiyacı olmasa da onlara dolmalar, katletlər, qutablar, bişirib göndərirdi. Ağsaçlı bir ananın dediklərini heç zaman unutmaram: Onların hər biri mənim şəhid oğlumun qardaşıdı. Oğlum şəhid olmasaydı, indi özü də, oğlu da onların sırasında olardı.

Ağsaçlı ananın dedikləri də vətənpərvərliyin təsdiqidir.

İnanıram ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına böyük vətənpərvərliklə əməl edəcək, işğaldan azad edilmiş ərazilərimizdə tikintilərdə əsl vətəndaş kimi iştirak edəcəklər. Vətənpərvərlik azərbaycançılığın tərkib hissəsidir.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş