Newscenter.az.14.04.2021. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərindəki Məsələlər üzrə nazir Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük problemini yaradan amil kimi Ermənistanın hərbi təcavüzünün və işğalçılıq siyasətinin nəticələri, öz daimi yaşayış yerini itirən və otuz ilə yaxın didərginlik həyatı keçirən insanların üzləşdikləri çətinliklər, bunların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər barədə qonağa məlumat verilib.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə xüsusi dövlət proqramlarının icra olunduğu vurğulanaraq bildirilib ki, onlar üçün zəruri infrastrukturu olan 115 qəsəbə salınıb, 300 mindən çox məcburi köçkün yeni evlərə və ya mənzillərə köçürülüb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərdiyi qeyd edilib.
Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlığın başlanması barədə də ukraynalı qonaqlara məlumat verilib. Qeyd edilib ki, ölkənin 55 rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mütləq əksəriyyəti Qarabağa, öz daimi yaşayış yerlərinə qayıtmaq arzusundadır. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı, onun tərkibindəki İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları hazırda işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli istiqamətində fəal iş aparır. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır.
Ukraynalı nazir Aleksey Reznikov səmimi qəbul üçün təşəkkürünü bildirərək, ölkəsindəki mövcud münaqişə nəticəsində yaranmış vəziyyət və humanitar problemlər barədə məlumat verib, bu problemlərdən əziyyət çəkən əhali qrupu ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlərdən danışıb. Azərbaycanın həm qaçqınlıq və məcburi köçkünlük probleminin həlli, həm də öz ərazi bütövlüyünün bərpası istiqamətində göstərdiyi nümunənin Ukrayna üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayan nazir ölkələrimiz arasındakı dostluq əlaqələrinin bu nümunəni öyrənməyə və ondan yararlanmağa yaxşı imkan yaratdığını qeyd edib. O, işğaldan azad edilən ərazilərin reinteqrasiyası məsələləri ilə bağlı təcrübə mübadiləsinin bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üzrə səmərəli fəaliyyət planının hazırlanmasına zəmin yaradacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc