Newscenter.az.14.04.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” layihəsi davam edir. Layihə çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Müqəddəs Ramazan ayının başladığı nəzərə alaraq bu dəfəki maarifləndirici mövzumuz “Ramazan ayında düzgün və balanslı qidalanma” haqqında olacaq.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Bu ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu daha çox hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Bu maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Bu baxımdan imsak və iftar zamanı faydalı qidaların qəbul olunmasından əmin olmaq lazımdır.
Nəinki ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya mütləq diqqət etmək lazımdır. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyünü və toxluq hissini daha uzunmüddətli edir.
NEWSCENTER.AZ