Newscenter.az.14.04.2021. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunmuş sərginin açılışı olub. Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan sərginin təşkilində əsas məqsəd vətən uğrunda şəhid olmuş bütün oğullarımızın əziz xatirələrini yaşatmaq, qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, onların ruhlarını yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Newscenter.az xəbər verir ki, Muzey Mərkəzində təşkil olunan rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid olmuş 31 qəhrəmanımızla yanaşı, Birinci Qarabağ Müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış 20-dən çox şəhidimizin, o cümlədən, Milli Qəhrəmanlar General-Mayor Polad Həşimov və Polkovnik-Leytenant Murad Mirzəyevin xatirələrinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir. Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, 7 dəfə fəxri fərman və fəxri diplomlarla təltif olunmuş, I Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyev və gənc rəssam, bir çox beynəlxalq mükafatların sahibi Elşən Abbasovdur.
Sərginin açılış mərasimində şəhid ailələri, eləcə də, millət vəkili Könül Nurullayeva, xalq rəssamı Ağaəli İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin ASAN Radionun rəhbəri Emin Musəvi iştirak edib. Karantin qaydaları çərçivəsində baş tutan mərasimdə çıxış edən iştirakçılar ilk növbədə bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, sərgini uğurlu təşəbbüs kimi qiymətləndirərək, bu tədbirin mənəvi əhəmiyyətini vurğulayıblar.
Millət vəkili K. Nurullayeva sərginin aprel ayında təşkilinin təsadüf olmadığını bildirib: “Uğurlu Aprel döyüşləri Azərbaycan xalqının iradəsi, əzmi, fədakarlığı, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbəmizin zəfər bünövrəsinin qurucuları idi. Bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel Zəfəri, istərsə də Böyük Vətən Müharibəsi müasir tariximizin ən şanlı səfihəsidir. Sərgi xalqımızı şanlı zəfərə aparan keşməkeşli və qürurlu qələbə yolunda Nizami rayonundan olan şəhidlərin simasında vətən uğrunda canını fəda edən bütün vətən oğullarımızın əziz xatirəsinə ithaf olunur. Bu sərgi ilə tanış olan hər bir kəs vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsini yad etmiş olacaq.”
Təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə və Muzey Mərkəzinə təşəkkürünü bildirən K. Nurullayeva hər kəsi bu sərgidə iştirak edərək şəhidlərimizin əziz xatirəsini anmağa dəvət edib.
Sərgidə nümayiş edilən videoçarx və şəhidlərin simasını əks etdirən rəsm əsərləri ümum şəhid ailələri, valideynləri və övladlarına həyəcanlı və təsirli anlar yaşadıb, sərgi iştirakçısı olan şəhid ailələrini qəhər göz yaşlarına qərq edib.
Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində bütün vətəndaşlarımızın üzünə açıq olacaq. Sərgidə iştirak ödənişsizdir. Şəhidlərimizə ithaf olunmuş bütün rəsm əsərləri sərginin sonunda Könül xanım tərəfindən xatirə əsər qismində şəhid ailələrinə hədiyyə olunacaq.
Ruhiyyə
Sərginin videosu ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
https://daytube.az/videos/105709/