Newscenter.az.18.04.2021. Bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan, xalq arasında "Topçu İsgəndər" kimi tanınan İsgəndər Söhrab oğlu Aznaurovun anım gündür. Qəhrəman Özbəkistan Respublikasının Buxara vilayətinin Qala Asiya kəndində Axıska türk ailəsində dünyaya gəlib. Topçu İsgəndər könüllü olaraq yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələri sıralarına qoşulub və Gədəbəy bölgəsində döyüşlərə qatılıb. Göstərdiyi şücaəti, döyüşkən ruhu ilə dillərə dastan olan Milli Qəhrəman Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar ”, “Ləzgi qayası” əməliyyatlarında xeyli düşmən texnikası və canlı qüvvəsini məhv etmişdir. 1993-cü il aprelin 18-də isə Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşmuş, səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina etmiş və arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanmışdır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlmiş və o, qəhrəmancasına həlak olmuşdur.
Bu torpaq uğrunda canından keçən hər bir vətən oğlunun xatirəsi daim xalqımız, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən əbədiləşdirilir və yaşadılır. O cümlədən Milli Qəhrəman İsgəndər Aznaurovun da xidmətləri dövlət tərəfindən yüksək dəyərləndirilir. Bu məqsədlə paytaxtımızdakı küçəyə və Kür qəsəbəsində isə 1 saylı məktəbə qəhrəmanın adı verilib. Həmçinin vuruşduğu döyüş mövqeyi də "İsgəndər Qalası" adlandırılır. Qəhrəmanın ailəsi də dövlət qayğısı ilə əhatə olunur. Belə ki, İsgəndər Aznaurovun ailəsinin müasir tipli mənzillə təmin edilməsi də dövlət qayğısının bir göstəricisidir. Gədəbəy rayonunda isə qəhərəmanın ailəsinin fərdi yaşayış evinin tikintisində əhali və vətənpərvər insanlar tərəfindən lazımı dəstək göstərilmişdir.
Qeyd edək ki, qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən "Alınmaz Qalanın Qəhrəmanları" adlı sənədli-film də hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Qəhrəmanımızı dərin hörmət və fəxrlə anır, ailəsinə baş sağlığı verir, Allahdan ona rəhmət diləyirik!
Vətən Sizinlə fəxr edir, Azərbaycan Qəhrəmanları!
Sevinc Hüseynova-Milli Məclisin deputatı