Newscenter.az.21.04.2021. Aprelin 21-də “MDB-nin iştirakçı dövlətlərində pandemiya dövründə miqrasiya proseslərinin tənzimlənməsi xüsusiyyətləri” adlı onlayn formatda dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov və Anatoliy Rafailov iştirak ediblər.
Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəyirmi masanın açılışında MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitski, Sankt-Peterburq əhalisinin əmək və məşğulluğu komitəsinin sədri Dmitri Çerneyko, MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri Nizami Səfərov və Beynəlxalq Miqrasiya Təşkilatının Moskva Bürosunun direktoru Abdusattor Esoyev çıxış ediblər.
Tədbirdə Milli Məclisin deputatı, MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri Nizami Səfərov bildirib ki, pandemiya şəraitində qarşıda dayanan əsas məsələlərdən biri miqrasiya qanunvericiliyinin pandemiya şəraitinə uyğunlaşdırılmasıdır. Bununla əlaqədar dövlət institutlarının qarşısında miqrasiyanın hüquqi tənzimlənməsinin modernləşdirilməsi, miqrasiya sahəsində təhlükəsizliyin və asayişin təmin olunması, beynəlxalq standartlar baxımından miqrantların hüquq və azadlıqlarının qorunması məsələləri dayanır.
Nizami Səfərov qeyd edib ki, pandemiya Təhlükəsiz, nizamlı və qanuni miqrasiya barədə qlobal razılaşmanın aktuallığını göstərdi. Deputat MDB PA-nın 52-ci plenar iclasında qəbul edilmiş sənədlərin əhəmiyyətindən danışaraq bildirib ki, məşğulluğun yeni forması olan məsafədən çalışma və bununla bağlı məsələlər də əmək qanunvericiliyində öz əksini tapmalıdır.
Sonra dəyirmi masada “COVİD-19 pandemiyası dövründə vahid miqrasiya və əmək resursları mərkəzlərinin qarşılıqlı fəaliyyət təcrübəsi”, “Avrasiya inteqrasiya məkanında əmək miqrasiyası və sosial müdafiə sahələrinin inkişaf perspektivləri”, “Əmək miqrasiyasının keyfiyyətinin artırılması” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bununla da “MDB-nin iştirakçı dövlətlərində pandemiya dövründə miqrasiya proseslərinin tənzimlənməsi xüsusiyyətləri” adlı onlayn formatda dəyirmi masa başa çatıb.
Mehman