Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda videokonfrans keçirilib



Newscenter.az.21.04.2021. Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda videokonfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransda DQİDK sədri Mübariz Qurbanlı və Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli giriş sözü ilə çıxış ediblər.

DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad edib. Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən Komitə sədri tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. Qeyd edib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük müharibədə qazandığımız qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər.

Müharibədə əldə edilmiş zəfərin həm də erməni faşizmi üzərində qələbə olduğunu vurğulayan DQİDK sədri bildirib ki, Prezident İlham Əliyevin Hacıqabul rayonuna dünənki səfəri zamanı çıxışında qeyd etdiyi kimi erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik.

Mübariz Qurbanlı erməni faşizminin tarixi abidələrə qarşı münasibətdə də özünü qabarıq şəkildə göstərdiyini diqqətə çatdıraraq Azərbaycanın bu qələbə ilə erməni xalqının özünü də faşist ideologiyasından xilas etdiyini deyib, eyni zamanda zəfərin bölgədə sülhün təminatı baxımından əhəmiyyəti barədə danışıb.

Milli-mənəvi dəyərlərin təbliğinin daha da genişləndirilməsinin önəminə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlər müxtəlif qurumlar tərəfindən öyrənilir, tədqiq və təbliğ olunur. Lakin bu istiqamətdə ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ehtiyac var idi. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində atılan önəmli addımdır.

Komitə sədri çıxışının sonunda bir daha şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli DQİDK ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahədə Dövlət Komitəsi ilə koordinasiyalı və sıx əlaqələr qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, bu gün bütün dünyada yaşayan ermənilər Vətən müharibəsindəki şanlı qələbəmizin adını dəyişdirməyə, zəfərimizə kölgə salmağa, beynəlxalq sferada ölkəmizə qarşı qaralama kampaniyaları təşkil edərək ideoloji müharibə aparmağa çalışırlar. Bütün bu cəhdlərə qarşı dilindən, dinindən, etnik mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hər bir vətəndaş eyni ilə Vətən müharibəsi dövründə olduğu kimi sıx birləşərək mübarizə aparmalıdır. Qələbəmizin müəllifi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Zəfər paradındakı çıxışında da bütün dünya ictimaiyyətinə Azərbaycanın haqq sözünü, qəti mövqeyini çatdırdı. F. İbrahimli onu da qeyd edib ki, müasir tariximizə nəzər saldıqda son 200 ildə dəfələrlə soyqırımlara, repressiyalara, etnik təmizləmələrə məruz qaldığımızı, əzəli torpaqlarımızı itirdiyimizi görürük. Lakin bütün bunlara baxmayaraq, müdrik xalqımız həmişə dövlətçiliyimizi, milli birliyimizi, milli ruhumuzu, vətənpərvərlik hisslərimizi qoruyub saxlamağı bacarıb. Bu amillər sonda bizi ali məqsədimiz olan şanlı qələbəmizə gətirib çıxarıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev qeyd edib ki, Vətən müharibəsindəki qələbəmizdə Prezident İlham Əliyevin uzaqgörən, unikal hərbi-siyasi gedişləri, rəşadətli Azərbaycan Ordusunun hünəri, xalqımızın milli və ideoloji birliyi həlledici rol oynayıb. 44 gün davam edən savaşda bütün dini konfessiyalara məxsus dini qurumların milli və dini birlik nümayiş etdirərək humanitar yardımlara qoşulduğunu vurğulayan Fuad Nurullayev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün digər dini icmaların QMİ ilə birlikdə müstəsna xidmətlər göstərdiklərini, xarici dillərdə filmlər, videoçarxlar, mətnlər hazırlayaraq yaydıqlarını bildirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayıb ki, Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması və dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi idi. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və tez bir zamanda məğlubiyyəti qəbul etməsinə səbəb oldu. Millət vəkili çıxışında düşmənin işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı və bizim üçün dəyər sayılan bütün abidələri yerlə yeksan etdiyini qeyd edərək bu vandallığın böyük bir xalqın mədəniyyət tarixinə vurulan ağır bir zərbə kimi xarakterizə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcəyini və artıq bu prosesin başladığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, milli-mənəvi dəyərlər bir millətin dinini, dilini, ədəbiyyatını, tarixi şəxsiyyətlərini əhatə edir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin birlik içərisində yaşadıqlarını vurğulayan rektor buna bariz nümunə kimi Vətən müharibəsi zamanı müxtəlif dinlərə, etnik kimliyə mənsub olan gənclərimizin Vətən uğrunda mübarizəyə qalxmalarını, əsas amallarının vətənpərvərlik olmasını göstərib. Bildirib ki, bu birlik və bərabərlik mütləq qələbəmizin təməlini qoydu. Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Vətən müharibəsi bütün dünyaya gücümüzü göstərdi, savaşdakı əməliyyatlarımız dünyanın aparıcı hərbi məktəblərində öyrənilməyə başlandı.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycan xalqının tale yüklü məsələlərdə sıx birləşməyi bacardığını sübut etdi. Müharibə dövründə siyasi əqidəsindən, dini baxışlarından, etnik mənsubiyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir məqsəd ətrafında birləşdi və Ali Baş Komandanın tapşırığı ilə silaha sarılaraq dəmir yumruğa çevrildi. Ermənilərin torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənmədiyini qeyd edən deputat, düşmənin tarixi dini abidələrimizə qarşı soyqırımı həyata keçirdiyini, yalnız İslam abidələrini deyil, qədim Alban irsinə aid məbədləri də dağıtdığını, saxtalaşdırmağa, özününküləşdirməyə çalışdığını vurğulayıb.

Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev qeyd edib ki, şəhidlərin canı-qanı bahasına başa gələn bu Zəfər bizi bütün dünya xalqları qarşısında başı uca etdi. Vətən müharibəsi dövründə icma üzvlərinin fəaliyyətinə diqqət çəkən Milix Yevdayev din xadimlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərini xatırladıb. Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələrindən dəhşətə gəldiyini dilə gətirib.

Rus Pravoslav kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Mefodiy Elnur Əfəndiyev bildirib ki, işğal dövründə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o səbrli və sülhsevən xalqdır. Səbr kasası daşan xalqımız və Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri öz Ali Baş Komandanının ətrafında sıx birləşərək ümumi evimiz – doğma Azərbaycanın müdafiəsinə qalxdılar. O vurğulayıb ki, Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına, əsrlərlə insanlığa yaraşmayan rəftara, təcavüzkarların vəhşi hərəkətlərinə, məscidlərin, kilsə və müqəddəs yerlərin xarabalıqlara çevirilməsinə baxmayaraq, Azərbaycan əsgəri düşmənin qoyub qaçdığı erməni qocalarına, uşaqlarına qayğı göstərdi. E.Əfəndiyev bunu Azərbaycan əsgərinin yüksək milli-mənəvi dəyərlərə malik olmasının göstəricisi olduğunu deyib. Düşmənin bu müharibəyə dini motiv verməyə çalışdığını diqqətə çatdıran natiq savaşın bütün dünyaya cəmiyyətimizin multikultural baza prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili isə çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı tarixi-dini irsin məhv edilməsi mənzərəsi insanı dəhşətə gətirir. Alban Apostol kilsəsinin, onun irsinin ermənilər tərəfindən özününküləşdirilməsi faktları barədə də danışan R.Mobili etnik saxtakarlığa əl atan düşmənin kilsələrin memarlıq quruluşunu dəyişdirdiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkəni ayaqda tutan, gücləndirən sütunlar içərisində milli-mənəvi dəyərlərimizin də özünəməxsus rolu olduğunu deyib. Xalq olaraq dəyərlərimizin sərhəddinin geniş olduğunu qeyd edən natiq bildirib ki, bu şanlı qələbəmiz həm də tolerantlığın, milli-mənəvi dəyərlərimizin zəfəridir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə azan səsi kilsə zənginin sədaları ilə birgə səslənir.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, Vətən müharibəsi həm də dəyərlərin savaşı idi. O, müharibənin bir tərəfində ləyaqətli, mərd, açıq siyasət yürüdən, Ordusunda 10-dan artıq xalqın nümayəndəsinin mübarizə apardığı, mülki əhaliyə bir güllə belə atmayan, qayğı ilə yanaşan Azərbaycanın digər tərəfdə isə təfriqəçi, suyu bulandırmağa çalışan, 10 min fərarisi olan, əli dinc əhalinin qanına batan Ermənistanın dayandığını söyləyib. Ali Baş Komandanımız Prezident İlham Əliyevin özünün də xalqımız üçün dəyərə çevrildiyini və qələbə rəmzi olduğunu bildirib.

Mehman
Xəbəri paylaş