Newscenter.az.22.04.2021. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Melorasiya və Su Təsərrüfatı ixtisasının əyani 3-cü kurs tələbələrinə Kəhriz sistemləri fənninin onlayn tədrisinə başlanılıb.
Newscenter.az-a daxil olan xəbərə görə, universitetin müəllimlərinin Beynəlxalq Miqrasiy Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə hazırladıqları tədris planı əsasında aparılan kurs kəhriz sistemləri və onların bərpası üzrə bilik və təcrübənin dirçəldilməsi və gələcək mühəndislər nəsilinə ötürülməsi və onların da öz növbəsində həmin peşənin mövcud yeni texnologiyalar əsasında inkişaf etdirməsi üçün növbəti addım olmuşdur. Tədris BMqT-nin nümayəndəliyi tərəfindən təşkil olunmuş kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında, həmçinin kəhrizlər haqqında biliklərini artırmaq və onların bərpası və texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələri məqsədilə Naxçıvana təşkil olunan tədqiqat səfərində iştirak etmiş ADAU-nun müəllimləri tərəfindən aparılır.
Bu bilik və bacarıqların artırılması istiqamətində görülən işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
BMqT-nin Azərbaycan nümayəndəliyi və ADAU arasında mövcud əməkdaşlıq çərçivəsində, həmçinin universitetdə kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün ixtisaslaşmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi açılmışdır.
BMqT-nin həyata keçirdiyi layihə çərçivəsində, həmçinin məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin - ənənəvi ekoloji cəhətdən təmiz, dayanıqlı su təhcizatı sistemlərinin bərpası nəzərdə tutulur. Elektrik enerjisi və ya yanacaq tələb etməyən kəhrizlər biomüxtəlifliyin qorunmasını təmin edir və yerli icmaların həyat keyfiyyətinə töhfə verir. Layihə, kəhrizlərin bərpasından əlavə, yerili icmaların potensialnın artırılması, kiçik sahibkarlığın inkişafı və kəhrizlər haqda bilik və təcrübənin bərpa olunaraq gələcək nəslə ötürülməsini nəzərdə tutur.
Sevinc