Newscenter.az.23.04.2021. Baş həkimlərin pandemiya dövründə xəstə və onların yaxınlarından rüşvət almaları dövlətimizin faciəsi və üz qarasıdır. Özü də “pandemiyadan qazanc kampaniyası” uzun müddətdir “işlək” vəziyyətdədir. Dünya pandemiya ilə mübarizə aparır, biz isə pandemiyaya gəlir mənbəyi kimi baxan baş həkimlərdən dad çəkirik.
Deməli, virusa yoluxan hər hansı soydaşımızı ağır vəziyyətdə “Yeni Klinikaya” gətirirlər, həmin insanın pulu olmadığına görə rüşvət verə bilmir, o yarı boş xəstəxanaya qəbul edilmir və beləcə ölümə tərk edilir. Dövlət yeni kilinikalar açır ki, insanların sağlıq problemləri həll edilsin, həmin kilinkalara təyin olunan “xarici dilli və yüksək təhsilli” gənc baş həkimlər isə varlanmağı qarşılarına məqsəd qoyublar. Hippokrat andına xəyanət edilən xəstəxanalarda icbari tibbi sığorta necə işləyəcək?
Fevral ayında cərrahiyə əməliyyatına hazırlaşarkən mənə Türkiyəyə yollanmağı məsləhət bilərək bunu belə əsaslandırdılar: “Sizin əməliyyat üçün neyro monitor lazımdır. Həmin monitor Azərbaycandakı xəstəxanalarda yoxdur. Həmin monitor olmadan əməliyyat zamanı yüksək nəticə əldə etmək çətindir”. Daha sonra öyrəndim ki, həmin neyro monitor çox da bahalı alət deyil. “Bu qədər xəstəxanalar tikilir, bahalı avadanlıqlar da alınır, bəs bu monitor haqqında niyə düşünən yoxdur” sualı uzun müddətdir düşündürür məni. Təsəvvür edin ki, həmin monitorun yoxluğuna görə Azərbaycan vətəndaşları borca girməli Türkiyəyə və Rusiyaya yollanmalıdırlar. Kiyevdəki dostlarımdan öyrəndim ki, həmin neyro monitorlar maliyyə baxımdan bizdən kasıb olan Ukraynanın bir neçə neyrocərrahiyə xəstəxanasında da var.
Azərbaycanda başqa bir alətin – gamma knife (lazer bıçağın) olmadığını da öyrəndim. Bu bıçaq vasitəsilə cərrahiyə müdaxiləsi olmadan kiçik həcmli şişlər neytrallaşdırılır. Təsəvvür edin ki, həmin alət üçün də minlərlə Azərbaycan vətəndaşı borca girməli Türkiyə və ya Rusiyaya bahalı əməliyyatlara yollanmalıdır. Bu hələ mən bildiklərimdir. Ona görə də Oqtay Şirəliyevin dəyişməsi ilə səhiyyəmizin problemi həll olunmayacaq. Səhiyyəmizin ağır xəstəlikdən qurtulması üçün köklü islahatlara ehtiyacı var, yoxsa “xaricdə təhsil alan” baş həkimlərin təyinatlarıyla uzağa gedə bilməyəcəyik.
Elxan Şahinoğlu-politoloq