Newscenter.az.23.04.2021. “Nyu York Times” qəzeti və bir sıra digər nüfuzlu KİV-lər bildiriblər ki, ABŞ prezidenti seçki kampaniyası zamanı verdiyi vədi tutaraq aprelin 24-də saxta erməni “soyqırımı"nı tanıyacaq. Zənnimizcə, bu, ABŞ mediasının süni ajiotaj yaratmaq cəhdindən başqa bir şey deyil. Kifayət qədər siyasi təcrübəyə malik olan, xüsusən də beynəlxalq münasibətlər sahəsini yaxşı bilən Prezident Co Baydenin aprelin 24-də çıxışı zamanı saxta erməni “soyqırımı” ifadəsini işlədəcəyi inandırıcı görünmür.
Böyük ehtimalla Bayden uydurma "soyqırımı"nın əvəzinə başqa bir ifadə işlədib ermənilərin könlünü almağa çalışacaq. Ancaq Baydenin hər hansı bir ifadəni işlətməsi onsuz da heç nəyi dəyişməyəcək. Bundan əvvəl müxtəlif ölkələrin sözügedən “soyqırımı” nağılını tanımaları nəyi dəyişib ki, Baydenin də ifadəsi nəyisə dəyişsin? Heç vaxt olmayan, tarixdə baş verməmiş bir hadisəni bu cür spekulyasiya predmetinə çevirmək əxlaqsızlıqdan və iyrənc oyundan başqa bir şey deyil. Bu baxımdan, əlbəttə, narahat olmağımız üçün müəyyən əsaslarımız var. Çünki Bayden ermənilərə bağlılığı ilə tanınan siyasətçidir. Lakin ABŞ prezidenti postunda isə o özünü sadəcə ermənilərin dostu kimi deyil, Birləşmiş Ştatların lideri kimi aparmalıdır və ölkəsinin milli maraqlarından, strateji hədəflərindən çıxış etməlidir. ABŞ-ın strateji hədəfləri isə hazırki məqamda qondarma erməni "soyqırımı"nın tanınmamasını diktə edir. Bayden də bunu yaxşı bilir.
Zatən hazırda Amerikanın Türkiyəyə əvvəlki dövrlərdəkindən daha çox ehtiyacı var. Bu baxımdan, ABŞ prezidenti durub dururken boş yerdən gərginlik yaratmaq istəməz. Rusiya kimi ipə-sapa yatmayan, cığal bir ölkə ilə körpüləri tamamən yandırmaqdan son anda imtina edən və Putinə neytral bir ölkədə görüşməyi təklif edən Bayden Türkiyə kimi önəmli bir müttəfiqi ilə nə üçün körpüləri yandırmalıdır ki? Geopolitik oyunları yaxşı bilən Baydenin buna getməyəcəyinə əminik.
Bayden tarixi və siyasi səhvə yol verərək 1915-ci il hadisələrini "soyqrımı" kimi tanıyarsa, bununla ilk növbədə Türkiyə ilə münasibətlərə deyil, ABŞ-ın öz strateji maraqlarına ağır zərbə vuracaq. Lakin Bayden bu dərəcədə məsuliyyətsiz siyasətçi deyil ki, buna getsin. İndiyə qədər heç bir ABŞ lideri ölkəsinin strateji maraqlarını ermənilərin "genosid" nağıllarına qurban verməyib.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri