Newscenter.az.23.04.2021. Aprelin 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və Baş Mühafizə İdarəsinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Newscenter.az DİN-ə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 212 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan 36 nəfəri zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən general-polkovnik V.Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.
Mehman