Newscenter.az.24.04.2021. “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin ilk onlayn tədbiri keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrini, digər dövlət agentlikləri və hökumət nümayəndələrini o cümlədən özəl sektor və FAO-nun mütəxəssislərini bir araya gətirib.
Milli Texniki Komitənin yaradılmasında əsas məqsəd kiçik fermerlərə diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaqdır. Komitə üzvləri dövlət sektorunu, o cümlədən yeni yaradılmış hökumət qurumlarını və özəl sektoru təmsil edəcəkdir. Görüş zamanı Komitənin üzvləri iştirakçılara təqdim edilmiş, Komitənin sədri, sədr müavini və katibi seçilmişdir.
Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir. Qeyd edək ki, layihə Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarında (əsas fındıqçılıq rayonları –Balakən, Qax, Zaqatala, Xaçmaz) həyata keçirilir. Layihənin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır. Layihə yeni yaradılmış hökumət institutları və dövlət qurumlarının özəl sektor iştirakçıları ilə əlaqələrin qurulması imkanlarını genişləndirilməsini hədəfləyir.
“Bildiyiniz kimi Azərbaycan höküməti fındıqçılığın dəstəklənməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirməkdədir. İnanırıq ki, ‘Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi’ layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq bizim də qeyd olunan sahə üzrə inkişafa mühim töhfəmiz olacaqdır.” FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbər müavini Bariz Mehdiyev öz sözlərində bildirib.
“Azərbaycan dünyanın fındıq istehsalçıları arasında ilk 5-likdə (Türkiyə, İtaliya, ABŞ və Gürcüstan ilə yanaşı) yer alır. Böyük ixrac potensialına malik olan fındıqçılıq məhsulları 2019-cu ilin məlumatına əsasən ən çox ixrac olunan qeyri məhsullar sırasında yer almışdır.” – deyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi Sədr müavini Leyla Məmmədova çıxışında bildirib.
Daha sonra çıxış edən xanım Uygun Aksoy (Beynəlxalq orqanik kənd təsərrüfatı və Çoxillik Əkinçilik Sistemləri üzrə mütəxəssis) "Fındıqçılıq sektorunda kiçik və orta ölçülü fermerlərlə çalışmağın əhəmiyyəti olduqca böyükdür bununla yanaşı bu sahənin inkişaf etdirilməsi üçün fermerlərə mütəxəssis təlimlərinin rolunu xüsusi vurğulamaq lazımdır." deyə öz sözlərində bildirib.
Görüş daha sonra iştirakçıların açıq müzakirəsi formasında davam edib.
Sevinc