Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydenin bəyanatını Ermənistandakı rus reytinqinə vurulan ciddi zərbə saymaq olar



Newscenter.az.25.04.2021. ABŞ prezidenti Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi təkcə onun erməni lobbisinə seçkilərdə verdiyi vədlə bağlı deyil, həm də ABŞ-Türkiyə münasibətlərindəki gərginlik və xüsusən də bizim regionumuzda - Cənubi Qafqazda dəyişən situasiya ilə əlaqəlidir.

Bu bəyanat sürətlə Rusiya orbitindən uzaqlaşmaq kursu götürən və buna görə də 44 günlük savaşda Azərbaycanın əliylə cəzalandırılan Ermənistanda parlament seçkiləri öncəsi Paşinyana və Qərbyönümlü qüvvələrə verilən çox böyük dəstəkdir.

Nəzərə alsaq ki, Paşinyan Qarabağ savaşındakı məğlubiyyətini Rusiyanın üzərinə yıxır və Rusiya da Ermənistan ictimai rəyində itirdiyi nüfuzu hazırda Qarabağ separatçılarına dəstəklə geri qaytarmağa və öz qüvvələrini mümkün qədər çox sayda növbəti parlamentə yerləşdirməyə çalışır, o halda Baydenin bu bəyanatını həm də Ermənistandakı rus reytinqinə vurulan növbəti ciddi zərbə saymaq olar.

İndi növbə Rusiyadadır: görək, rəsmi Moskva Türkiyə və Azərbaycanda sürətlə yüksələn antiamerikanizmdən bəhrələnərək, Ankara və Bakıyla münasibətləri daha da yaxınlaşdırmağa və yeni mərhələyə keçirməyə çalışacaq, yoxsa yenə də Qarabağdakı erməni separatçılarını müdafiə mövqeyi tutacaq?

Məncə, bu durumda Rusiya üçün ən uduşlu variantlardan biri Azərbaycanın yenidən antiterror əməliyyatlarına başlamasına göz yumması və Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmək üçün Paşinyanı sıxışdırması, Zəngəzur dəhlizinin açılması ola bilər...

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş