Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kitab oğruları



Newscenter.az.25.04.2021. Sadəcə insanlıq naminə müəyyən məqsədlər üçün çalışan, indi şagird, sonra tələbə, amma ən nəhayətində “faydalı insan” yaratmaq üçün yol qət edən müəllim kimi, pedaqoq kimi yazıram.. Sırf pedaqoq kimi…

Günahsız insan yoxdur. Hər birimiz müəyyən yaş dövrlərində, müəyyən vaxtlarda bəzən istəyərək – “içimizdəki iblisi dinləyərək”, bəzən məcburiyyətlərdən dolayı, bəzən isə istəməyərək “günahlar” işləmişik. Söz yox ki, heç kim “süddən çıxmış ağ qaşıq” – deyil! Fəqət bu günahlar nədən başlayır düşünürükmü? – Əmin deyiləm…

Yeni pedaqoq kimi fəaliyyətə başlayarkən bu barədə uşaqlarla tez – tez söhbətlər edirdik. Hər dərs ya 7 dəqiqə ayırırdım, ya da istirahət vaxtında – 5 dəqiqəlik tənəffüsdə danışardıq. Bir dəfə “Çərpələng Uçuran” kitabı ilə sinifə daxil oldum. Artıq o auranı yaratmışdım ki, həmişə əlimə baxırdılar. Mütləq yeni kitab görmək arzusu onlarda adət olmuşdu.Elə həmin gün, onlar üçün bir parça oxudum… “Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan…”

Hissəni bitirəndə səsimin titrədiyinin fərqinə varmışdım. Halbuki normalda bir zərrə həyəcan olmaz. Lakin onların gözlərindəki qorxu qarışıq, uşaq qəlbi ilə dərk edilən “günah” qarışıq kədəri görə bilmişdim.

Bəs özlərini akademik, ictimai xadim adlandıran bəzi şəxslər O “günah” sözündən çəkinirlərmi? Bəs “oğurluq” sözündən necə??? İnanmıram..!! Həmişə belə müqayisə etmişəm. Bir neçə cür oğurluq var və bu növlər ağacvari şaxələnir. Bəzi şaxələr başlamadan bitir, lakin bəziləri daha da şaxələnir. Müşahidələrimə görə bu növlərin adları müxtəlif və maraqlıdır : “ürək oğrusu”, “pul oğrusu”, “yumurta oğrusu”, “başmaq oğrusu” " qaşıq oğrusu"və s. Bu və bu tiplərin dərki müəyyən mənada asan ola bilər, cəza ilə də sonluğa çata bilər.. Lakin biri var ki… Biri var ki, bununla sinələrinə döyüb, öyünürlər! Sağda, solda danışıb, qürurlanırlar! Qarşılarındakı insanların etibarından istifadə edib, mən “superəm”, “möhtəşəməm” deyib fəxr edirlərBu şəxslər mənim təbirimcə desək, “Vicdan oğruları”-dır. ““Vicdan oğruları” = “Kitab oğruları”. İndi başa düşərsiniz söhbət nədən gedir. Bəli, məhz vicdan oğruları! Mütaliə dünyasında belə bir cümlə var,
Kitab Oğurlamaq – sənə inanan insanların etibarından sui-istifadə etmək deməkdir! Kitab oğurlamaq – başqasına verilən sözləri oğurlamaq deməkdir.

Kitab oğurlamaq – saf, ləkəsiz bir dünyanı damğalamaq deməkdir!

Kitab oğurlamaq – bir insanın yox, insanların yanında başıaşağı, vicdanı “yamaqlı olmaq deməkdir!
Əziz kitab oğruları. Kitabları hamıdan “çox sevən”lər. Lütfən, vicdanınıza yamaq vurmayın. Kitabsız qalın, amma təmiz qalın. Onda həmin kitab özü gəlib size tapacaq. Unutmayın ki, vicdan oğurluğunun məhkəməsi də, müqəssiri də özünüzsünüz. Bu isə fərqində olmadığınız qədər yük deməkdir.

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş