Newscenter.az.25.04.2021. İslam mədəniyyəti tarixdə üç dəfə digər mədəniyyətlərlə üz-üzə gəlib.
1. Yunan fəlsəfəsinin İslam dünyasına ayaq açması və ciddi təsirləri. Bəziləri yunan fəlsəfəsini islama ciddi təhdid kimi görsələr də, müsəlmanlar həmin dövrdə yunan fəlsəfəsini islam mədəniyyəti içərisində yenidən ələ alaraq yorumlamış, islamla sintez edərək bu kənar təsiri müsbətə çevirə bilmişdir. Bunun ardınca isə elmi-mədəni sahədə mühüm irəliləyişlər olmuşdur.
2. Monqolların hücumları və islam coğrafiyasını başdan sona xarabaya çevirmələri. Monqollar kitabxanaları yandırsalar da, mədəni abidələri dağıdaraq hər yeri viran qoysalar da, az müdddət sonra elmi-mədəni cəhətdən özlərindən üstün olan islam mədəniyyətinin içərisində əriyərək ona qarışmışdır. 3. Qərb mədəniyyətinin siyasi, iqtisadi, hərbi, elmi, mədən, texnoloji və s. cəhətdən inkişafı və islam mədəniyyətinə bütün bu sahələrdə meydan oxuması.
Müsəlman cəmiyətləri ilk ikisindən fərqli olaraq üçüncüyə təsir edə bilmədi və daim təsirlənən tərəf oldu. Qərbin meydan oxumasına qarşı müxtəlif hərəkatlar meydana çıxdı, islahatlar aparıldı və s. Teoriyada üstün dəyərləri ehtiva edən qərb mədəniyyəti, praktikada heç vaxt "digərlərinə" bu dəyərləri çərçivəsində baxmadı. Xüsusilə də İslam coğrafiyasına qarşı heç vaxt səmimi ola bilmədi. Bu münasibətdə Qərbin tamahı və iştahı həmişə ön planda oldu. Bu gün də həmin proses hər zamankı kimi davam edir. 4-5 ölkənin Osmanlı Türkiyəsini parçalamaq və öz aralarında bölüşdürmək üçün apardıqları hərbi-siyasi proseslərdə maşa kimi erməni kartından istifadə olundu.
Obyektivliyi, tutarlılığı və elmiliyi əsas meyar sayan Qərb müsəlman coğrafiyası ilə bağlı heç bir məsələdə bu meyarları əsas almadı. İkili standrtların sonu gəlməyəcək. Bunun tək çarəsi türk və ümumilikdə müsəlman coğrafiyasının bütün sahələrdə ciddi səylə irəliləyişə nail olmasıdır. Bunun ən gözəl nümunəsini Vətən Müharibəmizdə gördük.
Mehman İsmayılov-Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru