Newscenter.az.27.04.2021. Hazırda inkişaf etmiş bir sıra dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyasının dünyada yayılmasının qarşısını hələ də almaq mümkün olma¬mışdır. Pandemiyanın ilk günlərindən etibarən Azərbaycan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün çevik və təsirli qabaqlayıcı addımlar atmışdır. Pandemiya ilə mübarizə sahəsində ölkə başçısının hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effek¬tiv tədbirlər koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə ma¬lik olmuşdur. Ciddi karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və davamlı yoxlamaların aparılması, infek¬siyaya yoluxmuş insanların müalicəsinin operativ təşkili, qoruyucu vasitələrin idxalı və yerli istehsalı, zəruri tibbi bazanın daha da gücləndirilməsi, yeni xəstəxanaların tikilərək istifadəyə verilməsi istiqamətində görülən işlər xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı mübarizədə yeni bir nümunə yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la mübarizədə Azərbaycan dövlətinin siyasətini yüksək dəyərləndirmiş, görülən tədbirləri ən effektiv mübarizələrdən biri kimi qiymətləndirmişdir. Bugün dünya ölkələri üçün Azərbaycan nümunəsi bir örnəyə çevrilmişdir. Dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı mübarizə tədbirləri xalqımızın bu sınaqdan daha az itki ilə çıxacağına qəti əminlik yaradır. Cənab Prezidentin infeksiya ilə mübarizədə “Biz birlikdə güclüyük!” çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz bu milli birlik, xalqımızın öz Prezidentinə sarsılmaz inamıdır.
Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir. Bildiririk ki, Naftalan şəhəri ölkə üzrə vaksinləşmədə Respublika tabeli şəhərlər arasında I yerdə, ümumən Qazax rayonundan sonra II yerdədir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlərə sadiqlik qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Təbiidir ki, iqtisadiyyatın inkişafı milli maraqlara söykənəndə əldə olunan iqtisadi inkişaf və artım xalqın rifah halının yaxşılaşdırılması üçün imkanlar yaradır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.
Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir.
Ötən il Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Ən mühüm uğur isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərdir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi